- Açıqlanmasa da bu mərhələyə yaxınlaşma hiss olunur
İran ətrafında hərbi-siyasi gərginlik davam edərkən Tehran mümkün müharibə ssenarilərinə hazırlığını artırır. Rəsmi Tehranın hərbi imkanları, nüvə proqramı və Hörmüz boğazı ilə bağlı mövqeyi regionda diqqət mərkəzindədir. İranın xarici işlər naziri Abbas Əraqçinin son açıqlamaları da ölkənin həm hərbi, həm də diplomatik müstəvidə atdığı addımları ortaya qoyur. O, bildirir ki, İran silah imkanlarını yeniləyib. Bu isə yeni müharibənin baş vermə ehtimalını gücləndirən faktor kimi dəyərləndirilir.
Politoloq Tural İrfan Sherg.az-a İranla bağlı gərginliyin həlledici mərhələyə qədəm qoyduğunu deyib:
"İsrail və ABŞ-nin İranda rejim dəyişikliyi ilə bağlı qəti planının olması gedən proseslərdən açıq görünür. Açıqlanmasa da bu mərhələyə yaxınlaşma hiss olunur. İsraildə seçkilər sonrası İrana qarşı qəti addımların atılması Baş nazirin açıqlamalarından da aydın olur. Lakin bununla yanaşı İran da öz mövqeyini möhkəmlədir və beynəlxalq dəstək qazanmağa daha çox cəhd edir. Həmçinin ordunun, silah tədarükünün daha nizamlı şəklə salınması, Çin və Rusiyanın hərbi dəstəyindən daha geniş istifadə olunması üçün fəaliyyətini də davam etdirir. İran xarici işlər naziri Abbas Əraqçinin silah imkanlarının yenilənməsi və Hörmüz boğazı ilə bağlı bəyanatlarını regionda hərbi gərginliyi idarə etmək və qlobal iqtisadiyyata təzyiq göstərmək məqsədi daşıyan taktika kimi qiymətləndirirmək olar. Çünki İrana qarşı məlum son və həlledici müharibə ehtimalına qarşı Tehran diplomatik metodlarla mümkün qədər bu prosesə hazırlıq görməyə çalışır. Omanla birgə yeni gəmiçilik marşrutunun müəyyənləşdirilməsi və BAEA ilə münasibətlərdə şərtli dialoq Tehranın Qərb koalisiyası ilə qarşıdurmada həm çəkindirmə, həm də diplomatik sövdələşmə rıçaqı yaratmaq cəhdidir".
Analitik bildirib ki, nüvə silahı ilə bağlı mövzular İran üçün daha çox təziq vasitəsidir:
"İran nüvə silahına sahib olmaqdan rəsmən imtina etsə də de-fakto nail olmağa yaxın olduğunu da nümayiş etdirir. Lakin bütün hərbi hazırlıqlar əvvəlkindən daha artıq səviyyədədir. Ötən savaşda qəfil hücuma məruz qalsalar da itkilər hesabına müəyyən dirəniş göstərə bilmişdilər. Hazırda isə ötən hücumlardan nəticə çıxararaq daha ciddi hazırlıqlar görülür. Ali dini liderin İsrail və ABŞ-nin bütün mümkün hərbi nöqtələrinin hədəf ola biləcəyi əmri də buna sübutdur. İran heç zaman olmadığı qədər savaşa hazırdır. Hökumət də heç zaman olmadığı qədər dinamik və aktiv işləyir. Əhali ilə dövlət strukturları arasında qopmuş bağlar mümkün olduğu qədər bərpa edilməyə çalışılır. Nüvə silahı ilə bağlı tələblərdən yayınmağı Qərbə bəhanə verməmək üçün diqqətə alır və yayınmır. Onsuz da İran nüvə silahı hazırlamayıb və bu ehtimalı sadəcə təziq, qorxu vasitəsi kimi əlində saxlayır, siyasi ritorikada istifadə edir. Nüvə enerjisindən ümumiyyətlə imtina etmək variantını əlində şans kimi saxlayır. Çünki bunun müqabilində bir çox üstünlük və qazanc əldə edə, rejimin ömrünü uzada bilər".
Müsahibimizin sözlərinə görə situasiyalara, duruma görə ritorikanı dəyişən İran siyasiləri çevik manevrlər etməklə ABŞ və İsrailin qəfil hücum fürsətlərini əllərindən ala və prosesi öz xeyirlərinə zəmin yaranana qədər uzada bilirlər:
"Ötən müddətdən bəri İranın ABŞ və İsrailin qarşısında tab gətirməsi, özü haqda əzabkeş qalib obrazı yaratması prosesləri idarə etməsindən xəbər verir. Yaranan bütün fürsətləri doğru qiymətləndirən İran siyasi elitası nüvə məsələsindən də beynəlxalq siyasətdə istifadə edir".