Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev uzun fasilədən sonra yığmaya qayıtdığı üçün çox sevinir.
"Report" xəbər verir ki, qolkiper bunu Malta ilə yoldaşlıq matçından öncə mətbuat konfransında deyib.
O, Avstriyadakı təlim-məşq toplanışı və komandadakı atmosfer barədə danışıb:
"Baş məşqçi Ayxan Abbasov başda olmaqla, bütün məşqçilər heyətinə minnətdarlığımı bildirirəm. Müəyyən zədələr səbəbindən uzun müddət oyunlardan uzaq qalsam da, 3 ildən sonra yenidən yığmada olmaq məni həqiqətən çox sevindirir. Göstərilən etimada görə çox sağ olun. Qarşıda maraqlı bir oyun var. Komandada çox yaxşı abu-hava hökm sürür. Bakıdakı 3 günlük məşqlərdən sonra artıq 4 gündür burada hazırlıq prosesi davam edir. Kollektivdə əsl ailə atmosferi var və oyunun maraqlı keçəcəyini düşünürəm. Sabah bunun şahidi ola bilərik".
Qeyd edək ki, Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçiriləcək Azərbaycan - Malta qarşılaşması iyunun 5-də baş tutacaq.