“Fənərbaxça”dan Antonio Konteyə çılğın təklif: Mourinyodan daha çox qazanacaq

“Fənərbaxça”da prezident seçkisinə az vaxt qalmış namizədlər Hakan Safi və Aziz Yıldırım yeni baş məşqçi və transfer planları üzərində işlərini davam etdirir. Bu çərçivədə Hakan Safinin gündəmində İtaliyalı məşqçi Antonio Konte yer alıb.

Sherg.az xəbər verir ki, məlumata görə, iki mövsümdür “Napoli”ni çalışdıran və komandanı çempion edən Konte mövsümün sonunda klubdan ayrılıb.

İtaliya mətbuatının “Corriere dello Sport” nəşrinin yazdığına əsasən, Hakan Safi Konteyə illik 15 milyon avro məbləğində təklif irəli sürüb.

Konte bu təklifi dəyərləndirməyə başlayıb. Yekun qərarın klub seçkisindən sonra veriləcəyi bildirilir.

Eyni zamanda Səudiyyə Ərəbistanından da italiyalı mütəxəssisə yüksək maaşlı təkliflərin olduğu qeyd edilir.

Əgər Konte bu təklifi qəbul edərsə, o, Joze Mourinyonun 2024/25 mövsümündə “Fənərbaxça”dan aldığı 10.5 milyon avrodan daha yüksək məvacib alacaq.