Türkiyə Xarici İşlər Nazirliyi bəzi ölkələrin rəsmiləri tərəfindən 1915-ci il hadisələri ilə bağlı verilən bəyanatlara münasibət bildirərək, “Cənubi Qafqazda formalaşan sülh və barışıq mühiti, regionun əməkdaşlıq və sabitlik məkanına çevrilməsini istəyənlərin, tarixdən düşmənçilik yaratmağa çalışanlara verdiyi güclü cavabdır” ifadəsini işlədib.
Sherg.az xəbər verir ki, nazirlikdən məsələ ilə bağlı yazılı açıqlama verilib.
Açıqlamada 1915-ci il hadisələri ilə bağlı müzakirələrdə tərəflərin mövqeyinin bu məsələnin siyasi məqsədlərlə istismar edilməməsi istiqamətində olduğu vurğulanıb.
Bildirilib ki, bəzi üçüncü ölkələrin siyasətçiləri bu məsələni dar siyasi maraqları üçün istifadə etməyə çalışır və ya öz məsuliyyətlərini ört-basdır etməyə cəhd göstərirlər.
Qeyd olunub ki, əsrlər boyu birgəyaşayış mədəniyyətinin ən güclü nümunələrini özündə ehtiva edən Türkiyə 1915-ci il hadisələrinin ədalətli və elmi əsaslarla araşdırılması üçün arxivlərini açıb və “Birgə Tarix Komissiyası” yaradılması təklifini irəli sürüb. Bu təklifin bu gün də aktuallığını qoruduğu xatırladılıb.
Açıqlamada, “Niyyəti konstruktiv olan üçüncü tərəfləri ortaq və ədalətli bir yaddaşa nail olmağa yönəlmiş səyləri və son dövrlərdə formalaşan konstruktiv dialoq mühitini dəstəkləməyə dəvət edirik” ifadəsi yer alıb.