- Avropa ilə Asiyanı birləşdirən açar ölkə Azərbaycandır
- “Belə tərəfdaş, belə lider deyəndə ilk ağıla gələn Azərbaycan və onun Prezidentidir”
Avropanın dəyişən geosiyasi reallıqları fonunda enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları və regional sabitlik məsələləri beynəlxalq siyasi gündəliyin əsas istiqamətlərinə çevrilib. Bu proseslərdə Azərbaycanın artan rolu isə ölkəmizin Avropa ilə münasibətlərinə yeni məzmun qazandırır. Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Sammiti də məhz bu baxımdan diqqət çəkir. Avropa dövlətlərinin təhlükəsizlik, iqtisadi əməkdaşlıq və strateji bağlantılar ətrafında müzakirələr apardığı bir vaxtda Azərbaycan bu məsələlərin hər biri üzrə mühüm tərəfdaş kimi çıxış edir.
Bakının Avropanın enerji təhlükəsizliyində artan rolu, Şərq-Qərb nəqliyyat marşrutlarının inkişafındakı mövqeyi və Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına yönəlmiş təşəbbüsləri ölkəmizin Avropa üçün əhəmiyyətini təkcə iqtisadi müstəvidə deyil, siyasi və geosiyasi baxımdan da genişləndirir. Bu mənada Azərbaycan-Avropa münasibətləri artıq ayrı-ayrı sahələr üzrə əməkdaşlıq çərçivəsini aşaraq daha geniş strateji maraqların kəsişdiyi müstəviyə keçir.
Bu prosesin mühüm siyasi göstəricilərindən biri də 2028-ci ildə Avropa Siyasi Birliyinin növbəti Sammitinin Bakıda keçirilməsi barədə qərardır. Sözügedən qərar Azərbaycanın Avropa siyasi dialoqundakı iştirakının genişlənməsi ilə yanaşı, ölkəmizin müxtəlif geosiyasi mövqeləri təmsil edən dövlətlər arasında ünsiyyət və əməkdaşlıq üçün platforma yaratmaq imkanlarını da ön plana çıxarır. Beləliklə, Bakı qarşıdakı illərdə yalnız regional məsələlərin müzakirə olunduğu deyil, daha geniş beynəlxalq gündəliyin formalaşmasına töhfə verən diplomatik mərkəzlərdən biri kimi çıxış etmək imkanı qazanır.
Praqadan Dublinə, Dublindən Bakıya uzanan bu diplomatik xətt Azərbaycanın xarici siyasətində çoxtərəfli əməkdaşlığın və beynəlxalq dialoqun artan əhəmiyyətini nümayiş etdirir. Əsas məsələ isə bu diplomatik imkanların hansı konkret siyasi və iqtisadi nəticələrə çevriləcəyidir.
Milli Məclisin deputatı Tural Gəncəliyev Sherg.az-a açıqlamasında bildirib ki, Dublində keçirilən Avropa Siyasi Birliyinin Sammitində Azərbaycan Prezidentinin iştirakı ölkəmizə və dövlət başçısına göstərilən diqqətin və siyasi marağın göstəricisidir. Onun sözlərinə görə, 50-dən çox ölkənin dövlət və hökumət başçısını bir araya gətirən bu sammit Avropa üçün mürəkkəb geosiyasi şəraitdə xüsusi əhəmiyyət daşıyır:
“Hazırda Avropa İttifaqı və bütövlükdə Avropa qitəsi ciddi böhran və təhlükəsizlik çağırışları ilə üz-üzədir. Rusiya-Ukrayna müharibəsi Avropanın təhlükəsizliyinə birbaşa təsir göstərir, Yaxın Şərqdəki münaqişələr və İran ətrafında yaranmış gərginlik isə enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırır. Belə bir şəraitdə Avropanın Azərbaycan kimi güclü və etibarlı tərəfdaşla əməkdaşlığa ehtiyacı var. Azərbaycanla tərəfdaşlığın dərinləşdirilməsi Avropa Siyasi Birliyinin prioritet istiqamətlərindən biri olmalıdır. Ölkəmizin əhəmiyyəti, ilk növbədə, regionda sabit və təhlükəsiz mövqeyə malik olması, eləcə də Avropa ilə Asiya arasında nəqliyyat-logistika əlaqələrində mühüm rol oynaması ilə bağlıdır”.
Deputat xüsusilə Orta Dəhlizin, Şərq-Qərb nəqliyyat marşrutunun və Azərbaycanın tranzit habı kimi mövqeyinin əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın bu istiqamətlərdə açar ölkə olması Avropa üçün alternativ bağlantı imkanları yaradır və ölkəmizin strateji tərəfdaş kimi rolunu daha da artırır.
Onu da deyim ki, Avropa Siyasi Birliyinin əhəmiyyəti yalnız Avropa İttifaqına üzv dövlətlərlə məhdudlaşmır. Bu platforma daha geniş coğrafiyanı əhatə etməklə Avropa qitəsi ölkələrinin Azərbaycanla strateji münasibətlərini inkişaf etdirmək və ölkəmizi etibarlı tərəfdaş kimi görmək niyyətini də ortaya qoyur. Hhazırda Azərbaycan Avropa İttifaqının 10 üzv dövlətinin enerji təhlükəsizliyinin təmin olunmasında iştirak edir. Eyni zamanda, ölkəmiz Aİ-yə üzv dövlətlərin təxminən üçdə biri ilə strateji tərəfdaşlığa dair sənədlər imzalayıb. Bu faktlar Azərbaycanın Avropa üçün əhəmiyyətini göstərən mühüm amillərdəndir. Avropa İttifaqı artıq 27 üzv dövlətin imkanları ilə mövcud böhranların və təhlükəsizlik təhdidlərinin öhdəsindən gəlməyin çətinliyini anlayır. Buna görə də qurumdan kənarda qalan, lakin Avropa coğrafiyasında mühüm mövqeyə malik güclü tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsinə ehtiyac yaranır. Belə partnyor, belə lider deyəndə isə birinci ağıla gələn məhz Azərbaycanvə onun prezidentidir”.
Millət vəkili 2028-ci ildə Avropa Siyasi Birliyinin Sammitinin Azərbaycanda keçirilməsini də xüsusi əhəmiyyətli hadisə kimi qiymətləndirib. O bildirib ki, bu qərar Azərbaycanın Avropa miqyasında mühüm siyasi mərkəzlərdən biri kimi mövqeyini gücləndirir və ölkəmizin qlobal siyasətdə söz sahibi olduğunu bir daha təsdiqləyir:
“Azərbaycanın Ermənistanda keçirilən əvvəlki sammitə etiraz etməməsi və növbəti görüşün Bakıda təşkili ilə bağlı qarşılıqlı razılığın əldə olunması da diqqətəlayiq məqamdır. Bununla Azərbaycan sülh gündəliyinin Avropa Siyasi Birliyinin müzakirələrinə daxil edilməsinə nail olub. Avropa hazırda çoxsaylı böhranlarla üzləşdiyi bir vaxtda Cənubi Qafqazda sülh gündəliyinin önə çıxarılması xüsusi əhəmiyyət daşıyır. Rusiya-Ukrayna müharibəsinin Avropanın ümumi təhlükəsizliyinə yaratdığı təhdidləri nəzərə alsaq, regionda sülhün təmin olunması Avropa üçün də mühüm prioritetlərdən biridir. Bu baxımdan Azərbaycan Avropa Siyasi Birliyinin gündəliyinə müsbət və konstruktiv bir istiqamət gətirib”.
Tural Gəncəliyev hesab edir ki, Avropa Siyasi Birliyinin Azərbaycana xüsusi marağının əsas səbəblərindən biri ölkəmizin birləşdirici halqa rolunu oynamasıdır. Onun sözlərinə görə, Azərbaycan Avropa ilə Asiya arasında, türk dünyası, Türk Dövlətləri Təşkilatı, MDB məkanı və bütövlükdə böyük Avrasiya regionu ilə əlaqələrin qurulmasında mühüm coğrafi və siyasi mövqeyə malikdir:
“Avropa Siyasi Birliyinin regionla bağlı planlarına Gürcüstan və Ermənistan da daxil olsa belə, bu coğrafiyaları birləşdirən əsas kəsişmə nöqtəsi yenə Azərbaycandır. Bu baxımdan ölkəmiz açar və bağlayıcı mövqedə dayanır. Azərbaycanın əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə məhdudlaşmır. Böyük Avrasiya regionu, xüsusilə Mərkəzi Asiya ölkələri yüksək texnologiyalar, nanotexnologiyalar və digər qabaqcıl texnologiyalar üçün mühüm resurslara malikdir. Həmin resursların daşınması, inkişafı və beynəlxalq bazarlara çıxarılması prosesində Azərbaycanın iştirakı və ölkəmizin tranzit imkanları xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Xəzər hövzəsini, Böyük Qafqaz regionunu Qara dəniz və Aralıq dənizi vasitəsilə Avropa ilə əlaqələndirən mühüm coğrafi məkandır. Ölkəmiz Asiya ilə Avropa arasında körpü rolunu oynayır. Uzaq Şərqdən minlərlə kilometr məsafə qət edərək Orta Dəhlizlə hərəkət edən yüklərin Azərbaycan üzərindən, daha sonra Ermənistan və Türkiyə istiqamətində Avropaya çatdırılması da bu mövqenin əhəmiyyətini göstərir.
Bütün bu coğrafi, iqtisadi və siyasi amillər nəzərə alındıqda, Avropa ilə Asiya arasında əlaqələrin qurulması və böyük Avrasiya məkanına çıxış imkanları ilə bağlı hesablamalarda ilk növbədə Azərbaycanın adı önə çıxır”.
Tural Gəncəliyev hesab edir ki, Azərbaycan Prezidentinin nümayiş etdirdiyi düşünülmüş strategiya və xarici siyasət vizyonu Avropa liderlərinin də diqqətini cəlb edir. Onun sözlərinə görə, hazırda Avropa ciddi liderlik problemi ilə üz-üzədir və bu amil qitənin düşdüyü mürəkkəb vəziyyətin səbəblərindən biridir:
“Rusiya-Ukrayna müharibəsi ilə bağlı proseslərin ABŞ və Rusiya arasında, Avropa İttifaqının isə əsas güc mərkəzi kimi kənarda saxlanılması ilə müzakirə olunması Avropanın siyasi təsir imkanlarını da sual altına qoyur. Belə bir şəraitdə Avropa İttifaqına və Avropa Siyasi Birliyinə yeni siyasi nəfəs, güclü tərəfdaşlar və strateji baxış lazımdır. Bu baxımdan Azərbaycan xüsusi əhəmiyyət daşıyır. Çünki ölkəmiz həm güclü və düşünülmüş siyasəti, həm də böyük resursları birləşdirən coğrafiyada sabit tranzit imkanları ilə seçilir. Avropa liderlərinin Azərbaycan Prezidentinə və ölkəmizə göstərdiyi diqqətin əsas səbəblərindən biri də məhz budur. Avropa İttifaqının yüksək səviyyəli rəsmiləri – Antonio Koştadan Ursula fon der Lyayenə, Kaya Kallasdan digər rəhbər şəxslərə qədər – Azərbaycanla təmaslara xüsusi önəm verirlər. Eyni zamanda, Avropa İttifaqına üzv ölkələrin liderlərinin Azərbaycan Prezidenti ilə ikitərəfli görüşləri də bu marağın göstəricisidir. Dublin Sammitinin mühüm nəticələrindən biri isə Böyük Britaniya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin imzalanması olub”.
Deputatın sözlərinə görə, Böyük Britaniya Avropa İttifaqının üzvü olmasa da, NATO üzvü və Avropa qitəsinin mühüm siyasi aktorlarından biridir. Bu ölkənin Azərbaycanı güclü tərəfdaş kimi seçməsi münasibətlərimizin yeni mərhələyə keçdiyini göstərir:
“Azərbaycanla Böyük Britaniya arasında əlaqələr faktiki olaraq uzun müddətdir yüksək səviyyədə olub. İmzalanan bəyannamə isə bu münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinin hüquqi-siyasi baxımdan təsdiqi kimi qiymətləndirilə bilər”.
Tural Gəncəliyev Dublin Sammitini 2028-ci ildə Bakıda keçiriləcək görüşə aparan mühüm mərhələ kimi dəyərləndirib: “Prezident İlham Əliyevin sammitdə iştirakı Avropa Siyasi Birliyinin nüfuzunu və əhəmiyyətini artırıb. 2023-cü ildə Qranadada keçirilən sammitdə Azərbaycan və Türkiyə liderlərinin iştirak etməməsi həmin görüşün zəif tərəflərindən biri kimi qiymətləndirilmişdi. Bu, Avropa Siyasi Birliyinin güclü regional tərəfdaşların iştirakı olmadan effektiv siyasi dialoq qurmaq imkanlarının məhdudluğunu göstərirdi.
Bu gün Azərbaycanla Avropa Siyasi Birliyi arasında münasibətlərin yüksək səviyyəyə çatması tərəflərin qarşılıqlı maraqlarına əsaslanır. Eyni zamanda, Avropa İttifaqı və Avropa Siyasi Birliyi Azərbaycan kimi güclü və etibarlı tərəfdaşla əməkdaşlığın genişləndirilməsində xüsusi maraqlıdır. Dublin Sammitinin nəticələri və 2028-ci ildə növbəti sammitin Bakıda keçirilməsi barədə qərar bu əməkdaşlığın əhəmiyyətini bir daha təsdiqləyir”.