Azərbaycan-Britaniya əməkdaşlığı çox böyük potensiala malikdir - Asim Mollazadə

  • "Prezidentin Dublində keçirdiyi görüşlər də bu istiqamətdə yeni imkanlar yaradıb”

Avropa Siyasi Birliyinin 2026-cı il noyabrın 12-də İrlandiyanın paytaxtı Dublində keçirilən 9-cu Zirvə toplantısı Azərbaycanın Avropa dövlətləri ilə siyasi dialoqunun genişləndirilməsi və beynəlxalq münasibətlər sistemindəki mövqeyinin müzakirəsi baxımından diqqətəlayiq hadisə oldu. Prezident İlham Əliyevin toplantıda iştirakı və tədbir çərçivəsində bir sıra Avropa liderləri ilə keçirdiyi ikitərəfli görüşlər Azərbaycanın Avropa ilə əməkdaşlığının çoxşaxəli xarakterini bir daha nümayiş etdirdi. Dövlət başçısının Ukrayna Prezidenti Volodimir Zelenski, Moldova Prezidenti Maya Sandu, Bolqarıstanın Baş naziri Rumen Radev, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis və Çexiyanın Baş naziri Andrey Babişlə görüşləri enerji təhlükəsizliyi, iqtisadi-ticarət əlaqələri, nəqliyyat bağlantıları və regional əməkdaşlıq məsələlərinin müzakirəsi ilə yadda qaldı. Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən görüşdə isə sülh gündəliyinin irəlilədilməsi, kommunikasiyaların açılması və iqtisadi əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində oldu. 

Xüsusilə Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi və Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Rumıniya Prezidenti və Litva Prezidenti ilə təmasları Dublindəki diplomatik gündəliyin mühüm məqamları sırasında yer aldı. Bu görüşlər Azərbaycanın Avropa ölkələri ilə münasibətlərində enerji əməkdaşlığından siyasi dialoqa, investisiyalardan təhlükəsizlik və nəqliyyat məsələlərinə qədər geniş istiqamətləri əhatə etdiyini göstərdi.

Dublində baş tutan təmaslar bir daha təsdiqlədi ki, Azərbaycan Avropa üçün yalnız enerji təchizatçısı və tranzit ölkəsi deyil, həm də regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq və beynəlxalq siyasi dialoq baxımından mühüm tərəfdaşdır.

Millət vəkili Asim Mollazadə Sherg.az-a söyləyib ki, Azərbaycan Prezidentinin Avropanın siyasi elitası və bir sıra ölkələrin rəhbərləri ilə görüşü Azərbaycanın böyük roluna və Avropa tərəfindən ona verilən böyük əhəmiyyətə nümunədir:

“Azərbaycan Avropa ölkələri ilə bir çox sahələrdə əməkdaşlıq edir və bu əməkdaşlığın genişlənməsi təkcə Azərbaycanın deyil, Avropa ölkələrinin də böyük marağındadır. Azərbaycanın həyata keçirdiyi enerji layihələri, kommunikasiya sahəsindəki layihələr Avropa ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Mən xüsusilə Azərbaycan-Britaniya arasında aparılan danışıqları və imzalanan sənədi vurğulamaq istərdim. Artıq Azərbaycan-Britaniya əməkdaşlığı yeni bir səviyyəyə qalxır. Burada ənənəvi olaraq enerji və kommunikasiya sahələrindəki əməkdaşlıqla yanaşı, eyni zamanda bizim yaratdığımız sistemin müdafiəsi, təhlükəsizlik məsələləri və gələcəkdə ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksələn münasibətlər də mühüm yer tutur. Bizim əməkdaşlığımızın çox böyük potensiala malik olduğunu qeyd etmək istərdim. Bu istiqamətdə əməkdaşlığımızı daha da gücləndiririk və tərəfdaşlıq Azərbaycan üçün böyük imkanlar vəd edir. Azərbaycanda həm Avropa ölkələri, həm də təbii olaraq Britaniya ilə humanitar sahələrdə, söhbət mədəniyyət və təhsildən gedir, əməkdaşlığını genişləndirir. Prezidentin Dublində keçirdiyi görüşlər də bu istiqamətdə yeni imkanlar yaradıb”.