60 min miqrant İspaniyanın Seuta şəhərinə daxil olub

Afrikanın şimal sahillərində yerləşən İspaniyanın muxtar Seuta şəhərinə təxminən 60 min miqrant daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə şəhər administrasiyasının rəhbəri Xuan Xesus Vivas jurnalistlərə açıqlamasında bildirib.

“Qiymətləndirmələrə görə, bu hadisə nəticəsində şəhərimizə təxminən 60 min nəfər gəlib. Bu isə Seuta əhalisinin təxminən 70 faizini təşkil edir”, - o deyib.

İspaniya mediası minlərlə miqrantın Mərakeşdən Seutaya daxil olması haqda məlumat yayıb. “Cadena SER”in məlumatına görə, son sutka ərzində Seutaya 49 min qanunsuz miqrant daxil olub. Şəhərə çatmağa cəhd edərkən azı 28 nəfər həlak olub.

Miqrasiya böhranı fonunda İspaniya hakimiyyəti şəhərdə təhlükəsizliyin təmin olunmasına kömək məqsədilə hərbçilərin cəlb edilməsi barədə qərar qəbul edib.