ABŞ danışıqlara İrandan daha çox can atır - ŞƏRH

  • Tofiq Abbasov: “Radikal qüvvələr münaqişəni son nöqtəyə qədər aparmaq istəyir”

ABŞ və İran arasındakı danışıqlar uzandıqca, Yaxın Şərqdə yeni müharibə dalğası mövcudluğunu qorumağa davam edir. Tərəflərin nümayəndə heyyəti ən son iyulun 2-də Dohada Pakistan və Qətərdən olan vasitəçilərlə ayrı-ayrı görüş keçiriblər. Görüşün müsbət keçdiyi deyilsə də, SEPAH Hərbi dəniz qüvvələrinin yeni komandanı Əli Ozmai mərhum ali dini lider Əli Xamneinin ölümünə görə, ABŞ və İsraildən qisas alacağını açıqlayıb. Ali rəhbərin dəfn mərasimi zamanı, İranın Kəşfiyyat Nazirliyi də şəhidlərin qanını yerdə qoymayacaqlarını bildirib.

Diqqətçəkən digər məqam isə Müsəlla məscidinin günbəzində dalğalandırılan qisas bayrağı olub. Bayrağın üzərində "Ey Hüseynin qisasını alanlar!" şüarı əksini tapıb. Rəsmi Tel-Əvivin də bəyanatları ürəkaçan deyil. Baş nazir Benyamin Netanyahu bildirib ki, İsrail və ABŞ İran məsələsində eyni siyasi mövqeyi bölüşür. Yaxın Şərqdə bərqərar olan atəşkəs rejiminə baxmayaraq, İsrail Livana zərbələr endirməyə davam edir. ABŞ Prezidenti Donald Tramp son açıqlamasında böhranın ya razılaşma, ya da radikal sonluqla həll ediləcəyini bəyan edərək, İrana açıq təhdid mesajı göndərib. 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, danışıqlar tərəflərin marağı ətrafında aparılmır:

“Xatırlayırsınızsa, ABŞ və İsrail danışıqlar ərəfəsində birbaşa İrana hücum etdilər. Məhz buna görə rəsmi Tehran onları etibarlı tərəfdaş kimi görmür. Hər an tərəflərdən biri danışıqdan imtina edə bilər. İsrail qəti şəkildə, Livandan çıxmağı qəbul etmir. Bu da birbaşa ABŞ və İran arasında imzalanan memorandumun 1-ci bəndinin pozulması anlamına gəlir. Tramp isə danışıqlarda fəal şoumen kimi daim şərhlər verir. O dəfələrlə İran tərəfini danışıqlar üçün ABŞ-yə yalvaran tərəf olaraq göstərməyə çalışıb. Əslində mövcud vəziyyət, ABŞ-nin danışıqlara daha çox can atdığını ortaya qoyur. Biz bunu memoranduma daxil edilən şərtlərdən görə bilərik. ABŞ sadəcə danışıqlara meyilli siyasətini pərdələmək üçün İranı yalvaran obrazda təqdim edir”. 

Politoloqun sözlərinə görə, Trampın bəyanatları ciddi məna daşımır:

“Əksinə, onun açıqlamaları qarşı tərəfi yoxlamağa hesablanıb. Tramp və ailəsi Yaxın Şərqdəki geosiyasi vəziyyətdən, dolayı yollarla böyük maliyyə qazancları əldə edir. Onlar, ABŞ-nin daxili birjalarında da son dərəcə aktivdir. Maliyyə bazarlarında qazanc yalnız səhm və ya kriptovalyutanın yüksəlişi ilə məhdudlaşmır. Peşəkar investorlar qiymətlərin enişindən də milyardlarla dollar qazanırlar. Son zamanlar ABŞ mətbuatının Tramp və onun ailəsinin qeyri-leqal qazancına fokuslanması təsadüfi deyil. Ola bilər ki, birjalarda fəaliyyət göstərən treyderlər də Trampın əməlləri barədə məlumatları mətbuata sızdırırlar. Bu da ona qarşı müxalif mövqedə dayananların əlini gücləndirir”.

T. Abbasov ABŞ siyasətçilərinin Tramp barədə səsləndirdiyi fikirlərə toxunub:

“Onların fikrincə, Amerikanın tarixində Tramp qədər dövlətin daxili və xarici siyasətini biznes maraqları üzərində quran başqa bir dövlət başçısı olmayıb. İranda isə ABŞ-lə aparılan danışıqlara qarşı ikili mövqe formalaşıb. Bir sıra qüvvələr mərhum ali rəhbərin qisasını alacağını açıqlayır. Bu rəsmi Tehranın deyil, barışmaz qanadın yanaşmasıdır. İran hökuməti ilə SEPAH arasındakı fikir ayrılıqları müharibənin tamamilə bitməsinə əngəl törədir. Hətta SEPAH-ın qarşı tərəfin liderlərinə sui-qəsd təşkil etmək məqsədilə maliyyə mənbəyi axtardığına dair iddialar da irəli sürülür. Bunların nə dərəcədə doğru olub-olmadığı sual altındadır”. 

Ekspert qeyd edib ki, faktiki olaraq İran daxilində radikal qüvvələr vəziyyəti kəskinləşdirmək niyyətindədir:

“Onlar Vaşinqtonun İsrailə göstərdiyi hərbi-siyasi dəstəyi, mülki infrastrukturun və məktəblərin bombalanmasını əsas gətirərək, bu düşmənçiliyi son nöqtəyə qədər davam etdirmək istəyirlər. Daxili xaosa baxmayaraq, həm ABŞ administrasiyası, həm də İran hökuməti razılığa gəlməyə meyillidir. 300 milyard dollar isə İranın bərpasına boş yerə ayrılmayıb. Tramp administrasiyasının İranı birbaşa Körfəz ölkələrinin maliyyə mənbələri hesabına təmin etməkdə məqsədi Tehran hökumətini qonşuları qarşısında mənəvi öhdəliklər daşımağa yönəltməkdir”.