İsrailin baş naziri xüsusilə Donald Trampın İsrailin məqsədlərinə uyğun olmayan bir saziş bağlaya biləcəyindən ehtiyat edir
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-nin Tehranla Təl-Əvivin maraqlarını nəzərə almayan bir razılaşma imzalaya biləcəyindən narahatdır.
Sherg.az xəbər verir ki, bu barədə "Axios" portalı İsrail mənbələrinə istinadən xəbər verir.
Məlumatda bildirilir ki, Netanyahu xüsusilə Donald Trampın İsrailin məqsədlərinə uyğun olmayan bir saziş bağlaya biləcəyindən ehtiyat edir.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, belə bir razılaşma ciddi güzəştləri əhatə edə, həmçinin Təl-Əvivin İran ərazisinə zərbə endirmək imkanlarını məhdudlaşdıra bilər.
Bazar ertəsi Donald Tramp tərəflərin guya atəşkəs barədə razılığa gəldiyini bildirib və bu səbəbdən İran İslam Respublikasında enerji obyektlərinə hücumların beş gün müddətinə dayandırılmasını tapşırdığını açıqlayıb. Lakin Tehranda belə danışıqların olmadığını deyirlər. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın sözlərinə görə, ABŞ prezidenti bazarları manipulyasiya etmək üçün yalan məlumatlar yayır.
Bu gün isə "New York Times" qəzeti anonim rəsmilərə istinadən yazıb ki, Vaşinqton guya Tehrana münaqişənin tənzimlənməsi ilə bağlı 15 maddədən ibarət plan təqdim edib. Bu plan İranın nüvə proqramından və digər ölkələrdəki proksi qüvvələrə dəstəkdən imtinasını, Hörmüz boğazının açılmasını, həmçinin raketlərin sayı və uçuş məsafəsinin məhdudlaşdırılmasını nəzərdə tutur. Bunun müqabilində ABŞ sanksiyaların ləğvini və dinc nüvə enerjisinin inkişafına, o cümlədən Buşehr AES-də dəstək verməyi təklif edir.