ABŞ-İran müharibəsi baş verərsə, Türkiyə İranın yanında yer almayacaq - TÜRK EKSPERT

ABŞ-İran gərginliyi beynəlxalq siyasətdə diqqət mərkəzindədir. Bu gərginlik, qonşu ölkələr üçün potensial risklər yaratmaqla yanaşı, qlobal güc mərkəzlərinə də təsir göstərir. Türkiyə kimi regional aktorlar bu vəziyyət qarşısında mövqelərini qorumağa çalışır. 

Beynəlxalq Münasibətlər və Siyasət üzrə Mütəxəssis Dr. Burcu Dəmir mövzu ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:

-İranla ABŞ münasibətlərində Türkiyənin mövqeyi nə olacaq?

-ABŞ-İran gərginliyi qarşısında Türkiyənin mövqeyi balanslaşdırıcı və ehtiyatlıdır. Çünki Türkiyə yaxın zamanda rejim dəyişikliyi müdaxilələrinin Suriya nümunəsində yaratdığı nəticələri təcrübədən keçirib. Bu səbəbdən İranda da eyni ssenarinin yaşanması Türkiyə üçün böyük təhlükəsizlik riski yaradır.

Buna görə də Ankara ABŞ-İran gərginliyi qarşısında balans siyasəti yürüdür. Bu siyasətin nəticəsi olaraq Türkiyə-ABŞ münasibətləri gərginləşə bilər. Mövcud problemlərə İran məsələsi də əlavə olunarsa, ikitərəfli münasibətlərdəki çətinliklər dərinləşəcək.

-İranla ABŞ müharibə etsə, Türkiyə İranın tərəfində olacaq?

-Əgər ABŞ-İran müharibəsi baş verərsə, Türkiyə İranın yanında müharibəyə qoşulmayacaq. Bunun bir neçə səbəbi var. İlk növbədə, Türkiyə NATO üzvüdür. Onun ABŞ ilə iqtisadi münasibətləri mövcuddur. Türkiyə-İran münasibətləri isə daha çox qonşuluq prinsipi üzərində qurulub.

Bu səbəblərə görə, ABŞ-İran müharibəsi baş verdiyi təqdirdə Türkiyə neytral qalacaq. Xüsusilə Ankaranın son açıqlamalarından da bunu anlamaq mümkündür. Türkiyə ABŞ-İran gərginliyi qarşısında sabitliyi vurğulayan bəyanatlar verib.

-ABŞ bir tərəfdə müharibə, digər tərəfdə sülh istəyir. Bu onun nüfuzuna necə təsir edəcək?

-Beynəlxalq münasibətlərdə bu vəziyyət ikili strategiya kimi qiymətləndirilir. ABŞ sərt və yumşaq gücü eyni anda daşımağa çalışır. Bu vəziyyətdə o, qlobal güc və sabitlik pozan aktor kimi ortaya çıxır.

Nüfuz məsələsi də var. Əgər ABŞ müharibə başlatarsa, ona qarşı sabitliyi pozan aktor qavrayışı güclənəcək. Bu, BMT kimi beynəlxalq aktorların tənqidinə səbəb olacaq. Vaşinqton üçün ən vacib olan tutarlı siyasət yürütməkdir. O bir tərəfdən müharibə başlatmaq istəyir, digər tərəfdən isə sülh çağırışı edir. Bu, "ABŞ həqiqətən sülh istəyir, yoxsa müharibəni legitimləşdirməyə çalışır?" deyə sual yaradır. Bu sualın cavabını gələcək günlərdə öyrənəcəyik.

-Müharibə olsa, Türkiyə hansı addımları atacaq?

-Sözügedən ssenari reallaşarsa, Türkiyə sərhəd təhlükəsizliyinə fokuslanaraq yeni miqrasiya dalğasının qarşısını almağa yönəlik addımlar atacaq.