Ermənistan Milli Təhlükəsizlik Xidməti Tavuş vilayətində aşkarlanan Azərbaycan vətəndaşı Yaşar Əli oğlu Qasımovun Bakıya təhvil verildiyini təsdiqləyib.
Sherg.az-ın məlumatına görə, qurumun yaydığı məlumatda bildirilib ki, Ermənistan ərazisində (Tavuş vilayətində) yolu azaraq aşkarlanan Azərbaycan Respublikasının vətəndaşı Yaşar Əli oğlu Qasımov oktyabrın 24-də Azərbaycana qaytarılıb və ölkənin səlahiyyətli orqanlarına təhvil verilib.
Xatırladaq ki, oktyabrın 21-də Azərbaycan vətəndaşının Tavuş vilayəti istiqamətində sərhədi keçməsi barədə KİV-də məlumat yayılıb. Ermənistan Milli Təhlükəsizlik Xidməti bu məlumatı yalnız oktyabrın 22-də rəsmi şəkildə təsdiqləyib.
Məlumata görə, oktyabrın 19-da saat 17:50-də Ermənistanın Tavuş vilayətində Azərbaycanın Tovuz rayonunun Çatax kənd sakini, 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkarlanıb. Aparılan yoxlama nəticəsində onun yolu azdığı müəyyən edilib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan vətəndaşının geri qaytarılması üçün müvafiq tədbirlərin görüldüyünü bildirmişdi.