"İran şərtlər qəbul edilmədiyi müddətdə hərbi eskalasiya riski yüksək olaraq qalır”
ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi əsas hədəflərdən biri olacaq.
“CNN” telekanalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, diplomatiya Tehranı nüvə proqramından imtinaya məcbur edə bilməsə, Vaşinqton administrasiyası bu ssenarini nəzərdən keçirəcək.
Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi baş tutub. Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vens Tehranın danışıqlar zamanı Ağ Ev tərəfindən irəli sürülən bir neçə prinsipial mövqeni qəbul etmədiyini bildirib. ABŞ və İsrail əvvəllər İranın tək nüvə proqramından deyil, həm də ballistik raket istehsalından və Yaxın Şərqdə “İranpərəst” qüvvələrə dəstəyindən imtina etməsini istəyirdilər.
ABŞ- İran arasındakı gərginliyi şərh edən politoloq Oqtay Qasımov “Sherg.az”a bildirib ki, ABŞ-İran münasibətləri hazırda son illərin ən həssas mərhələlərindən birini yaşayır. Bir tərəfdən diplomatik kanallar hələ də tam bağlanmayıb və tərəflər mümkün razılaşma üçün Cenevrə platformasında təmasları davam etdirməyə çalışırlar. Politoloq hesab edir ki, fevralın 26-na planlaşdırılan görüş də məhz bu baxımdan mühüm hesab olunur: “Vaşinqton açıq şəkildə Tehrandan tələb etdiyi bütün şərtləri qəbul etməyi gözlədiyini bildirir.
Digər tərəfdən isə paralel olaraq hərbi-siyasi təzyiq alətləri gücləndirilir. ABŞ regionda, xüsusilə Fars körfəzi və Yaxın Şərqdəki bazalarında hərbi mövcudluğunu artırır, müttəfiqləri ilə koordinasiyanı genişləndirir. Qarşılıqlı bəyanatların sərtləşməsi göstərir ki, tərəflər danışıqlar masasını tərk etməsələr də, “təzyiq altında diplomatiya” modelinə keçiblər.
ABŞ prezidenti Donal Tramp bir müddət əvvəl, Sülh Şurasının ilk iclasındakı çıxışında səsləndirdiyi “şərtlər qəbul edilməzsə ağır nəticələr olacaq” mesajı faktiki olaraq ultimatum xarakteri daşıyır. Bu səbəbdən Cenevrə görüşü sadəcə növbəti diplomatik təmas deyil, daha çox “eskalasiyanın qarşısını alan son siyasi mexanizmlərdən biri” kimi qiymətləndirilir”.
İranla ABŞ arasında hərbi eskalasiya riskinin kifayət qədər yüksək olduğunu vurğulayan O. Qasımov qeyd edib ki, fevralın 26-da keçiriləcək görüşdə ABŞ-nin bütün tələbləri tam şəkildə qəbul edilməsə belə, diplomatik kanalların dərhal bağlanacağı inandırıcı deyil:
“Böyük ehtimalla danışıqlar prosesi uzadılacaq. Bu, xüsusilə Vaşinqtonun daxilində də İranla bağlı vahid mövqenin formalaşmaması ilə bağlıdır. ABŞ siyasi elitasında və təhlükəsizlik institutlarında İrana qarşı hərbi əməliyyatın nəticələri ilə bağlı ciddi tərəddüdlər mövcuddur. Bir qrup sərt xətt tərəfdarı təzyiqin artırılmasını və hətta məhdud zərbələri dəstəkləsə də, digər qrup bunun regionu nəzarətdən çıxara biləcəyini, enerji bazarlarını silkələyəcəyini və ABŞ-ni uzunmüddətli qarşıdurmaya sürükləyəcəyini düşünür. Xüsusilə Yaxın Şərqdə artıq kifayət qədər mürəkkəb geosiyasi balansın mövcudluğu Vaşinqtonu daha ehtiyatlı davranmağa vadar edir.
Bu baxımdan hazırkı mərhələdə “təhdid ritorikası + açıq diplomatiya” paralel şəkildə davam edəcək. Yəni tərəflər bir-birinə təzyiq mesajları versələr də, son anda siyasi manevr üçün qapını açıq saxlayacaqlar. Lakin hərbi ritorikanın getdikcə sərtləşməsi obyektiv olaraq toqquşma ehtimalını artırır. Çünki diplomatik proses davam etsə belə, paralel şəkildə ultimativ bəyanatların səsləndirilməsi tərəflər arasında etimad mühitini zəiflədir və kompromis imkanlarını daraldır. ABŞ-nin irəli sürdüyü şərtlər, nüvə proqramının ciddi məhdudlaşdırılması, zənginləşdirmə səviyyəsinin aşağı salınması və regional fəaliyyətlərin çərçivəyə salınması İran üçün strateji təhlükəsizlik məsələsi kimi qiymətləndirilir. Tehran bunu sadəcə texniki razılaşma deyil, milli təhlükəsizlik və rejimin davamlılığı kontekstində görür. Digər mühüm amil isə İsrail faktorudur. İsrail İranın nüvə proqramını öz milli təhlükəsizliyinə birbaşa təhdid hesab edir və təkcə nüvə fəaliyyətinin məhdudlaşdırılması ilə kifayətlənmir. Tehranın isə bu şərtləri birmənalı şəkildə qəbul etməsi real görünmür. Bir sözlə, diplomatiya hələ tam tükənməsə də, ritorikanın sərtləşməsi və maksimalist tələblərin irəli sürülməsi qarşıdurma ssenarisini əvvəlki mərhələlərlə müqayisədə daha real edir. Hazırkı mərhələ “nə sülh, nə də açıq müharibə” balansında davam edən, lakin hər an nəzarətdən çıxa biləcək riskli geosiyasi qarşıdurma mərhələsidir. İran şərtlər qəbul edilmədiyi müddətdə hərbi eskalasiya riski yüksək olaraq qalır”.