ABŞ maliyyə naziri Skott Bessent ABŞ-nin İranın bütün dünyadakı maliyyə əlaqələrinə qarşı "iqtisadi hücum"a başladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, nazir əməliyyatın “İqtisadi təcrid” adlandırıldığını söyləyib.
S.Bessent İranla biznes əlaqələri saxlayan ölkələrə xəbərdarlıq edərək sanksiyaların genişləndiriləcəyini söyləyib.
O bildirib ki, yeni sanksiyalar dalğasının məqsədi İranın xarici maliyyə mənbələrinə çıxışını kəsməklə onu təcrid vəziyyətində saxlamaqdır.
"İran hazırda çox aydın bir seçim qarşısındadır. Cəmi iki yol var: ya tam qlobal təcrid və mövcudluğunu qorumağa yönəlmiş iqtisadiyyat, ya da qlobal iqtisadiyyata yenidən inteqrasiya imkanı ilə normallığa qayıdış", - deyə Bessent bəyan edib.