"Daha sonra Tramp birtərəfli atəşkəs elan edərək bölgədən geri çəkiləcək"
Müasir beynəlxalq münasibətlər sistemi son illərdə ciddi sınaqlarla üz-üzədir. Xüsusilə böyük güclər arasında artan gərginliklər qlobal təhlükəsizlik arxitekturasını yenidən formalaşdırır. ABŞ ilə Avropa arasında yaranan fikir ayrılıqları, NATO daxilindəki ziddiyyətlər və Yaxın Şərqdə davam edən münaqişələr bu prosesin əsas indikatorları kimi çıxış edir. Mövcud vəziyyət təkcə hərbi-siyasi müstəvidə deyil, həm də iqtisadi və strateji baxımdan yeni reallıqlar yaradır.
Bunu Trampın açıqlamaları da sübut edir. O, sosiaı media hesabında yazıb ki, Fransa İsrailə hərbi yardım aparan ABŞ təyyarələrinin öz hava məkanından keçməsinə icazə verməyib. Tramp hətta qeyd edib ki, Fransa uğurla məhv edilmiş “İran qəssabı” (Əli Xameneinin öldürülməsi-red.) məsələsində çox da yardımçı olmayıb və ABŞ bunu unutmayacaq.
Beynəlxalq münasibətlər üzrə siyasi şərhçi Cevat Gök müharibədən sonrakı dövrün necə formalaşacağı, transatlantik münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi ilə bağlı Sherg.az-ın suallarını cavablayıb:
-Müharibə bitdikdən sonra ABŞ və Avropa arasında münasibətlər necə olacaq?
-Müharibədən sonra böyük problemlər yaranacaq. Çünki NATO ilə Tramp heç cür razılığa gələ bilmirlər. Görünən odur ki, NATO yeni bir strukturlaşma mərhələsinə keçəcək. Bu prosesdə Türkiyənin də əhəmiyyəti daha da artacaq. Eyni zamanda, NATO-nun müdafiə büdcəsi ilə bağlı yeni bir portfelin formalaşdırılması gözlənilir. Xüsusilə İspaniyanın müxalifəti, bununla yanaşı Almaniya, Fransa və İngiltərənin də bu müharibəyə qarşı çıxması Trampın ciddi narazılığına səbəb olub.
-Sizcə, Trampın istədikləri həyata keçməsə, Avropa ölkələri ilə də müharibəyə girə bilərmi?
-Xeyr, qətiyyən müharibəyə girməz. Amma Rusiyanın qarşısına atar. Yəni Rusiya-Ukrayna müharibəsində artıq Ukraynaya dəstək verməz. Həmçinin NATO ilə bağlı ABŞ-nin ayrılma qərarı verməsi də mümkündür. Ağ Ev "ya mənim dediyim şərtlərlə razılaşacaqsınız- məsələn, müdafiə büdcəsinə 5% pay ayıracaqsan, ya da öz başınızın çarəsinə baxacaqsınız" deyəcək.
-Bu gərginliklərin ABŞ və dünya iqtisadiyyatına təsirini necə oxuyursunuz?
-Qlobal miqyasda iqtisadiyyat, çox pis vəziyyətdədir. Məsələn, neft-kimya qiymətlərinin artması ilə birlikdə xammalı iki dəfədən də çox bahalaşıb. Bu isə Amerika Birləşmiş Ştatlarında ciddi bahalaşma və inflyasiyaya səbəb olacaq. Halbuki noyabr ayında aralıq seçkilər var. Trampın normalda iqtisadiyyatı sabit şəkildə idarə etməsi lazım idi. Buna görə də hesab edirik ki, müharibədən sonra Tramp daha sərt tədbirlər görəcək.
-Müharibə nə vaxt bitəcək? Təxmininiz var?
-Müharibə bitəcək kimi görünmür. Çünki İran ilə ABŞ-nin şərtləri tamamilə bir-birinə zidd və fərqlidir. Görünən odur ki, ABŞ İranda quru əməliyyatı həyata keçirəcək. Amma bu, uğursuz olacaq. Onlar ən çoxu quru əməliyyatı həyata keçirə bilərlər. Daha sonra isə Tramp birtərəfli atəşkəs elan edərək bölgədən geri çəkiləcək. Bu da qarşıdakı dövrdə çox fərqli təhlükəsizlik strategiyalarını gündəmə gətirəcək. Məsələn, Körfəz ölkələri Rusiya və Çin ilə təhlükəsizlik sazişləri bağlaya bilərlər. Bunun nümunəsini Səudiyyə Ərəbistanı ilə İran arasında müharibədən əvvəl bağlanan razılaşmada görmüşdük.