ABŞ, İsrail və İran arasında qarşılıqlı zərbələr genişlənəcək - Politoloq

  • “Fars körfəzində böhranın yeni mərhələsi başlayıb, bu dəfə zərbələr mülki infrastruktura da yönələcək"

Fars körfəzi regionunda artan gərginlik fonunda İran ABŞ və İsrailə qarşı sərt mövqeyini davam etdirir. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrail hərbi bazalarının yaxınlığında yerləşən bəndlərin, limanların və elektrik stansiyalarının da hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib. Bu barədə “The New York Times” məlumat yayıb. Açıqlama regionda qarşılıqlı zərbələrin coğrafiyasının genişlənməsi və münaqişənin yeni mərhələyə keçməsi ilə bağlı narahatlıqları artırır.

Qafqaz Tarixi Mərkəzinin direktoru, politoloq Rizvan Hüseynov Sherg.az-a açıqlamasında Fars körfəzində vəziyyətin eskalasiya xətti üzrə inkişaf etdiyini deyib:

“ABŞ və İsrail qarşıdurmanı dərinləşdirir. Bunun nəticəsində İranın da sərt cavablar verməsi ehtimalı artır. Tehran geri çəkilmir, öz növbəsində sərt cavablar verir və zərbələrin miqyasını genişləndirməyə hazır olduğunu nümayiş etdirir.

Bu isə onu göstərir ki, qarşıdakı həftələrdə qarşılıqlı zərbələrin endirilməsi ehtimalı daha da arta, hücumların miqyası genişlənə bilər”.

Mütəxəssis vurğulayıb ki, zərbələr yalnız hərbi obyektləri deyil, mülki və ikili təyinatlı infrastrukturu da əhatə edə bilər:

“Gələcəkdə hər hansı arzuolunmaz ssenarinin baş verməməsini, sərt ritorikanın yalnız sosial şəbəkələrdə və açıqlamalarda qalmasını, real müstəvidə isə yeni zərbələrin qeydə alınmamasını arzulayaq. Lakin hazırkı mənzərə onu göstərir ki, biz daha gərgin mərhələyə daxil oluruq. Fars körfəzi ətrafında böhranın yeni mərhələsi başlayıb”.