ABŞ kəşfiyyat təyyarəsi yenidən Rusiya sərhədləri yaxınlığında uçuş həyata keçirib

ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi ikinci gündür ardıcıl olaraq Qara dəniz üzərində, Rusiya sərhədləri yaxınlığında uçuş həyata keçirib.

Sherg.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

Məlumata görə, Bombardier ARTEMIS II tipli kəşfiyyat təyyarəsi Rumıniyanın "Mixail Koqelniceanu" aviabazasından havaya qalxıb. Təyyarə Soçi istiqamətinə qədər uçduqdan sonra geri dönüb və daha sonra eyni marşrut üzrə ikinci dövrə vurub. Bildirilir ki, bir gün əvvəl də həmin təyyarə eyni marşrutla uçuş həyata keçirmişdi.

Qeyd olunur ki, Pentaqonun sifarişi ilə bu tipdən cəmi iki təyyarə istehsal edilib. İkinci nümunə 2022-ci ilin sonunda hazır olub. Bu təyyarələr uzaq məsafədən siqnalların tutulması, qeydə alınması və şifrəsinin açılması üçün nəzərdə tutulub.

Xatırladaq ki, ötən həftə də ABŞ-yə məxsus kəşfiyyat təyyarəsi Qara dəniz akvatoriyası üzərində, Rusiya sərhədləri boyunca analoji uçuş həyata keçirmişdi.