İsrail-İran-ABŞ müharibəsi 24-cü günündür davam edir və tərəflərin qarşılıqlı zərbələri bütün gücü ilə davam etməkdədir. Eyni zamanda ABŞ Prezidenti Donald Tramp müharibənin gedişatına dair mühüm açıqlamalar verib.
Sherg.az xəbər verir ki, Tramp "Truth Social" sosial media hesabından paylaşım edərək bildirib ki, son 2 gündə ABŞ, İranla “Orta Şərqdəki gərginliyi həll etmək üçün çox vacib danışıqlar” həyata keçirib.
Prezident Tramp açıqlamasında deyib:
“Bu dərin, ətraflı və konstruktiv görüşlərin nəticəsinə əsaslanaraq, davam edən toplantı və danışıqların uğuruna bağlı olaraq, Müdafiə Nazirliyinə İranın enerji stansiyalarına və enerji infrastrukturlarına hər hansı hərbi hücumu 5 gün müddətinə təxirə salma göstərişi verdim.”
Tramp "Fox News"a verdiyi açıqlamada əlavə edib:
“İran razılıq əldə etməyə çox maraqlıdır. Bu 5 gün ərzində və ya daha qısa müddətdə baş verə bilər.”
"Axios"un müxbiri Barak Ravidin paylaşımına görə, son iki gündə Türkiyə, Misir və Pakistan ABŞ və İran arasında gərginliyi azaltmaq məqsədilə mesaj mübadiləsi aparıb.
Bildirilir ki, bu üç ölkənin yüksək səviyyəli rəsmiləri ABŞ-nin Xüsusi Nümayəndəsi Stiven Uitkoff və İranın Xarici İşlər Naziri Abbas Arakçi ilə ayrı-ayrılıqda danışıqlar keçirib.