- “Əmin olun ki, hazırda Amerikada keçirilən Dünya Çempionatı olmasaydı və iyulun 4 də ölkənin müstəqilliyinin 250 illiyi yaxınlaşmasaydı, Tramp İranı çoxdan bombalamaq qərarı verərdi"
ABŞ və İran arasında iyunun 21-də İsveçrədə baş tutan görüşdə gərgin anlar yaşanıb. ABŞ Prezidenti Donald Trampın İranı bombalamaq təhdidlərinə etiraz edən Tehran nümayəndələri məkanı tərk ediblər. Tərəflər arasında müzakirələr, vasitəçilər yolu ilə davam edib.
Danışıqlarda iyunun 18-də imzalanan memorandumda əksini tapan bəndlərin icra mexanizmləri müzakirə edilib. İranın nüvə proqramına dair verilən qərar isə tam açıqlanmayıb. ABŞ-nin vitse-prezidenti Cey Di Vens, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin müfəttişlərini ölkəyə dəvət etməyə razı olduğunu açıqlasa da, rəsmi Tehran onları nüvə obyektlərinə buraxmayacağını bildirib. Görüşün keçirildiyi vaxtda, İsrail ordusunun Livana hücumları davam etdirməsi, İran heyətini də təhdidkar danışmağa məcbur edib. Parlament sədri Məhəmmədbaqer Qalibaf, Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizəni dayandırmayacaqlarını açıqlayıb.
Mövzu ilə bağlı millət vəkili Sahib Alıyev Sherg.az-a bildirib ki, Trampın görüş gedən vaxt İrana qarşı sərt ritorika səsləndirməsi, beynəlxalq nizamın təməl prinsiplərinə ziddir: 
“Qarşı tərəfin vasitəçi ölkələrin yanında məkanı hörmətsizcə tərk etməsi də doğru hərəkət deyil. Görüş yerini tərk etmək sadəcə, xal qazanmağa hesablanmış addımdır. İran tərəfi ağır tələblərini ABŞ-yə diqtə etməklə özünü savaşdan qalib ölkə kimi çıxdığını göstərməyə çalışır. Mən belə olduğunu qətiyyən düşünmürəm. İranın istər hərbi baxımdan istərsə də, iqtisadi cəhətdən necə ağır vəziyyətə qoyulduğu hamıya gün kimi aydındır. Onların donanmaları və hərbi hava qüvvələri yox dərəcəsinə çatıb. Regionda yerləşən proksi qüvvələri də darmadağın edilib. Yaxın Şərqi qan gölünə çevirən, diplomatiya əvəzinə təhdid dilini seçən İranın qələbədən danışmağa haqqı yoxdur”.
S.Alıyevin sözlərinə görə, ABŞ-nin İranın sərt tələblərinə dözməyinin səbəbi var:
“Əmin olun ki, hazırda Amerikada keçirilən Dünya Çempionatı olmasaydı və iyulun 4 də ölkənin müstəqilliyinin 250 illiyi yaxınlaşmasaydı, Tramp İranı çoxdan bombalamaq qərarı verərdi. İran rəsmiləri mövcud vəziyyətdə, ABŞ-nin müharibəyə başlamayacağını bildiyi üçün fürsətdən faydalanmağa çalışır. Əslində, ağır şərtlərini diktə edən tərəf qarşı tərəfin infrastrukturunu alt-üst edən, donanmasını batıran və hərbi hava qüvvələrini tamamilə məhv edən tərəf olmalıdır. İran hərbi hədəflərin heç birinə nail olmadığı halda, həm daxili auditoriyaya, həm də beynəlxalq aləmə özünü qalib ölkə kimi sırımağa çalışır”.
Millət vəkili qeyd edib ki, tarixdə heç bir müharibədə dövlət rəsmilərinin qısa müddət ərzində sıradan çıxarıldığı görülməyib:
“Bu hadisə belə İranın hərbi potensialının hansı səviyyədə olduğunu göstərir. Bir sıra politoloq və siyasi şərhçilər ən çox Trampın ziddiyyət təşkil edən fikirlərinə fokuslanırlar. Proseslərin çıxılmaz vəziyyətdə olmasını onun ziddiyyətli açıqlamalarına bağlayırlar. Heç kim də, İran rəsmilərinin açıqlamalarından danışmır. İranın vəzifəli nümayəndələrinin bəyanatları ilə əməlləri arasında uçurum qədər fərq var. Vaxtilə onlar ABŞ ilə heç bir danışıqlar aparmayacaqlarını, nüvə proqramı və Hürmüz boğazı məsələsində qətiyyən güzəştə getməyəcəklərini bəyan edirdilər. indiki mənzərə rəsmi Tehranın ideoloji ritorikası ilə addımları arasında kəskin təzad olduğunu ortaya qoyur”.
S.Alıyev İran rəsmilərinin bəyanatlarına Trampın açıqlamalarından daha az etibar etdiyini bildirib:
“Tehranın yüksək vəzifəli nümayəndələrinin sözü ilə əməli heç vaxt bir-birini tutmayıb. Uzağa getməyək. Onların daxili və xarici auditoriyaya hesablanmış bəyanatlarının necə saxta olduğunu görmək üçün təkcə Azərbaycana qarşı nümayiş etdirdikləri mövqeyə baxmaq yetərlidir”.