Əmrah Həsənli: Kadr çatışmazlığını pensiya yaşını artırmaqla həll etmək olmaz
"Məktəblərdə müəllimlərin pensiya yaşının artırılması məsələsi müzakirə mövzusudur. Orta məktəblərdə pedaqoji fəaliyyətin fiziki və psixoloji baxımdan yüksək gərginlik tələb etdiyini nəzərə alsaq, bu məsələyə fərqli yanaşılmalıdır".
Bu sözləri Sherg.az-a açıqlamasında Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli deyib.
O bildirib ki, orta məktəblərdə 65 yaş həddi illərdir formalaşmış və özünü doğrultmuş praktikadır. Ekspertin sözlərinə görə, hər gün 6-7 saat sinif otağında şagirdlərlə işləmək, onların diqqətini idarə etmək, həm tədris, həm də tərbiyə yükünü daşımaq müəllimdən yüksək fiziki və psixoloji dözümlülük tələb edir:

“Buna görə də pensiya yaşının süni şəkildə artırılması müəllimin sağlamlığına əlavə yük salmaqla yanaşı, sistemdə yeniləşməni də ləngidər. Bəzi fənn və bölgələrdə kadr çatışmazlığı var. Amma bu problemin həlli pensiya yaşını uzatmaq deyil. Əsas yol gənc və savadlı kadrların məktəbə cəlb olunması, müəllim əməyinin daha yüksək qiymətləndirilməsi, əməkhaqqı və sosial müdafiə mexanizmlərinin gücləndirilməsidir. Eyni zamanda, təcrübəsi və potensialı olan müəllimlərin biliyindən faydalanmaq üçün onların könüllü əsaslarla mentor, metodist və ya məsləhətçi kimi gənc həmkarlarına dəstək verməsi ən doğru model ola bilər”.