ABŞ Ukraynadan çəkilsə, Avropadakı nüfuzu zərbə alacaq - ANALİTİK 

Avropa ölkələri Ukraynaya dəstəyi dayandırmayacaq

Donald Tramp Ukrayna müharibəsi ilə bağlı açıqlamalarında hər dəfə qarşıdurmanın Amerika Birləşmiş Ştatlarının müharibəsi olmadığını xüsusi vurğulayır. O, münaqişənin məsuliyyətini əsasən Co Bayden administrasiyasının siyasəti ilə əlaqələndirərək, Vaşinqtonun Kiyevə 350 milyard dollar həcmində maliyyə və hərbi dəstək ayırmasını tənqid edir.

Trampın bu yanaşması ABŞ-ın Ukrayna məsələsində roluna dair daxili siyasi debatların daha da kəskinləşdiyini göstərir.

Bu barədə Sherg.az-a siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib. O qeyd edib ki, Ukraynada baş verən Maydan hadisələri ölkədaxili siyasi və sosial narazılıqlar fonunda ortaya çıxsa da, Qərbin, xüsusilə ABŞ-nin proseslərə siyasi və diplomatik dəstəyi ilə qalib gəlib:

“Ukraynanın Qərbə inteqrasiyası və NATO ilə yaxınlaşması Vaşinqtonun uzunmüddətli strateji maraqları olub. Rusiya isə Ukraynaya qarşı başladığı müharibəni öz təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab kimi əsaslandırır və bunu dolayısı ilə Qərb, xüsusilə də ABŞ-la geosiyasi qarşıdurmanın tərkib hissəsi kimi xarakterizə etmək olar. Moskvanın əsas məqsədi Ukraynanı öz təsir dairəsində saxlamaq, NATO-nun genişlənməsinin qarşısını almaq və qlobal güc balansında fövqəl dövlət statusu əldə etməkdən ibarətdir. Hazırda Rusiya öz prinsipial planından geri çəkilməyib. Donald Tramp administrasiyası ilə əməkdaşlığı müstəvisində çalışır ki, Ukraynada müəyyən taktiki uğurlar əldə edərək, sonrakı proseslərdə strateji qələbəyə çevirsin.

ABŞ-nin Ukraynaya hərbi və maliyyə dəstəyi bu müharibədə mühüm rol oynayır. Bununla belə, Vaşinqtonun prosesdən tam geri çəkilməsi belə, Rusiyanın avtomatik qələbəsinə gətirib çıxarmayacaq. Çünki Böyük Britaniya, Fransa və Almaniya kimi aparıcı Avropa dövlətləri Ukraynaya dəstəyi davam etdirmək potensialına malikdir. Eyni zamanda, Ukraynanın müdafiə sənayesi son illərdə əhəmiyyətli dərəcədə güclənib”.

Bununla belə M. Əsədullazadə hesab edir ki, ABŞ-nin Ukrayna məsələsində geri çəkilməsi onun beynəlxalq nüfuzuna ciddi zərbə vura və Avropa müttəfiqləri ilə münasibətlərinə mənfi təsir göstərə bilər: “Bu səbəbdən Vaşinqtonun Ukraynaya dəstəyi davam etdirməsi strateji baxımdan vacib olaraq qalır. Yaxın Şərqdə baş verən proseslər, xüsusilə İran ətrafında formalaşan gərginlik isə Çinə qarşı strateji savaşın əsas tərkib hissəsidir”.