Avropa İttifaqına üzv bir sıra ölkələr Ermənistan məhsullarının öz bazarlarına buraxılmasına milli istehsalçılara zərər vuracağı səbəbilə hazır olmadıqlarını bildiriblər.
Sherg.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Brüssel Ermənistanın Avrasiya İqtisadi İttifaqından kənarda qalacağı təqdirdə dərin iqtisadi böhranla üzləşəcəyini anlayır. Bildirilir ki, Aİ-də mövcud iqtisadi problemlər, Rusiyaya qarşı sanksiyalar və Ukraynaya dəstək siyasəti səbəbindən Brüssel İrəvanın milyardlarla dollarlıq mümkün itkilərini kompensasiya edə bilməyəcək.
Rusiya Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, buna baxmayaraq, Avropa rəsmiləri Ermənistanı siyasi dəstəyə inandırmağa davam edəcək, konkret yardımın gecikməsini isə ölkənin Aİ-yə inteqrasiya prosesindəki "nailiyyətləri" ilə əsaslandıracaqlar.
Bəyanatda iddia olunur ki, Nikol Paşinyan hökumətindən Rusiyanın strateji sahələrdəki biznes mövcudluğunu azaltmaq, Moskva ilə humanitar əlaqələri zəiflətmək və bu kursa qarşı çıxan daxili qüvvələri neytrallaşdırmaq tələb edilir. Bunun qarşılığında isə Ermənistan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması və ölkənin gələcəkdə "çiçəklənən sülh qovşağına" çevriləcəyi vəd edilir.
Rusiya Xarici Kəşfiyyat Xidməti həmçinin vurğulayıb ki, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətini maliyyələşdirməyəcək və Brüssel bunun əksini gözləməməlidir.