Elvin Abbasov: “Sosial şəbəkələr üçün 13 yaş minimumdur, amma 16 yaş daha təhlükəsiz hədd ola bilər”
Prezident İlham Əliyev Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, sosial münasibətlərin sürətlə rəqəmsallaşması və sosial şəbəkələrin uşaqların gündəlik həyatına getdikcə daha erkən yaşda daxil olması, həmin şəbəkələr vasitəsilə informasiyanın istehsalı, yayılması və istehlakının miqyasının artması bu sahədə hüquqi tənzimləmənin mövcud vəziyyətinin müasir texnoloji, sosial və təhlükəsizlik çağırışları baxımından təhlilini və təkmilləşdirilməsini zəruri edir. Beynəlxalq təşkilatların və elmi tədqiqat qurumlarının araşdırmaları, digər ölkələrin təcrübəsi göstərir ki, uşaqların rəqəmsal mühitdə qorunmasına diqqət yetirilməsi, onların psixoloji rifahı və təhlükəsizliyi, sağlam inkişafı üçün xüsusi hüquqi müdafiə və texnoloji mühafizə mexanizmlərinin tətbiqi tələb olunur. Bu yanaşmada rəqəmsal mühitdə uşaqların şəxsi həyatının, ləyaqətinin və təhlükəsizliyinin bilavasitə dövlətlər tərəfindən qorunması tövsiyə edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, ölkə ərazisində uşaqların sosial şəbəkələrdəki zərərli məzmun və təsirlərindən qorunmasını, o cümlədən sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini əhatə edən normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydaların müəyyən edilməsi və tətbiqi ilə bağlı da tədbirlər görülməsi təmin edilsin. 
İnformasiya-kommunikasiya məsələləri üzrə mütəxəssis Elvin Abbasov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Prezidentin imzaladığı sərəncamı uşaqların zərərli informasiyalardan, psixo-nevroloji pozuntulardan qorunması, təhlükəsizliklərinin təmini baxımından çox əhəmiyyətlidir. Sadəcə, yaş kateqoriyasının düzgün müəyyən edilməsi vacibdir:
- Uşaqların sosial şəbəkələrdən istifadəsi üçün ideal yaş həddi həm psixoloji inkişaf, həm də beynəlxalq hüquqi standartlar baxımından minimum 13 yaş hesab olunur. Lakin müasir tendensiyalar, xüsusilə Avstraliya kimi ölkələrin son qərarları bu həddin 16 yaşa qaldırılmasının daha effektiv olduğunu göstərir. Bunun əsas sosioloji səbəbi odur ki, 16 yaşa qədər uşaqların prefrontal korteksi (qərarvermə və nəticələri dərketmə mərkəzi) hələ tam formalaşmadığı üçün onlar alqoritmik manipulyasiyalara, kiberbulinqə və dopamin asılılığına qarşı daha müdafiəsiz olurlar.
Qadağanın effektivliyi yalnız yaşla deyil, həm də mərhələli keçidlə təmin edilməlidir: 13 yaşa qədər tam məhdudiyyət, 13-16 yaş arası isə valideyn nəzarəti altında (məsələn, "Family Pairing" rejimi ilə) məhdud istifadə tövsiyə olunur. Çünki kəskin və izah olunmayan qadağalar çox vaxt uşaqların gizli yollarla (saxta yaş göstərməklə və ya VPN vasitəsilə) daha təhlükəli platformalara üz tutmasına səbəb olur. Əsas məqsəd uşağı tamamilə rəqəmsal dünyadan qoparmaq deyil, onun psixologiyasının sosial şəbəkələrin "mənfi təsirlərinə" qarşı immunitet qazanana qədər, təxminən 16 yaşa qədər onu qorumaqdır. Ümid edək ki, əlaqədar qurumlar yaş həddini düzgün təyin edəcək.