- Trampın əsas hədəfi NATO-nun İran mövqeyini formalaşdırmaq idi, nail oldu
Yaxın Şərq intihara gedən yolun astanasındadır. ABŞ və İran qarşılıqlı hücumları bərpa edib. İyulun 7-də İran ordusunun, Hörmüz boğazından keçən üç gəmiyə hücumu danışıqların gedişatını dəyişdirdi. ABŞ qüvvələri gəmilərə endirilən zərbəyə cavab olaraq, İranın hava hücumundan müdafiə sistemlərini və SEPAH-a məxsus 600-dən çox sürətli kateri bombalayıb.
ABŞ prezidenti Donald Tramp bu günki açıqlamasında, İrana yenidən zərbələr endirməyi planladığını bildirib. NATO-nun Baş katibi Mark Rütte isə ABŞ-nin İrana endirdiyi zərbələrə haqq qazandırıb. NATO rəsmisinin, məhz Ankarada keçirilən sammitdə İrana qarşı kəskin mövqe sərgiləməsi diqqət çəkib. Rütte, NATO-nun Amerikanın milli maraqlarına xidmət etdiyini vurğulayıb. ABŞ-nin milli maraqları sırasında İranın nüvə proqramının xüsusi yer tutduğunu nəzərə alsaq, NATO-nun da bu məsələdə Vaşinqtonun mövqeyinə yaxınlaşdığı təəssüratı yaranır.
Bu yaxınlaşma, gələcəkdə NATO-nu İranla müharibəyə qoşulmağa sövq edə bilərmi ?
Mövzu ilə bağlı xarici siyasət üzrə türk ekspert Aydın Sezer Sherg.az-a bildirib ki, Trampın NATO Sammitində iştirakının arxasında daha dərin siyasi məqsədlər dayanır:
“Trampın sammitdə, NATO-nu İranla qarşıdurmada Vaşinqtonu tək buraxmaqda ittiham etməsinin əsas məqsədi, alyans ölkələri üzərində siyasi və mənəvi təzyiq formalaşdırmaq idi. Mark Rüttenin İranla bağlı səsləndirdiyi fikirlər isə diplomatik üslubdan da kənara çıxıb. Tramp və Rüttenin sammitdə iştirakı və çıxışları öncədən planlaşdırılıb. Onlar İran məsələsini, sammit çərçivəsində qabartmaqla, bu mövzunu NATO-nun strateji prioritetləri sırasına daxil etməyi hədəfləyirdi. Tramp NATO-ya təhlükənin yalnız Rusiyadan gəlmədiyini, İran və Hörmüz boğazında formalaşan vəziyyətin də alyans üçün təhlükə yaratdığını diqtə etməyə çalışırdı".
Ekspertin sözlərinə görə, ABŞ prezidenti strateji məqsədini reallaşdırmağı bacardı:
“Ankara Bəyannaməsi”ndə İranın nüvə silahına malik olmaması ilə bağlı müddəanın yer alması, Vaşinqtonun bu məsələni NATO-nun rəsmi mövqeyinə çevirmək hədəfinə çatdığını göstərir. Toplantıda İrana dair müzakirələr aparılsa da, NATO-nun İrana qarşı hərbi əməliyyatlarda iştirak edəcəyini düşünmürəm. Alyansın maksimum iştirakı, Hörmüz boğazında təhlükəsizliyin təmin olunması və minaların təmizlənməsi kimi məhdud missiyalarla kifayətlənəcək. Türkiyə də daha əvvəl minaların təmizlənməsi prosesində iştirak etməyə hazır olduğunu açıqlamışdı. Bir sözlə, İrana qarşı hərbi əməliyyatlar genişlənsə belə, NATO-nun müharibəyə qoşulma və ya müdaxilə ehtimalı çox aşağıdır”.