“Çexiya prezidentinin səfəri çoxşaxəli strateji məqsədlər daşıyır”
Müasir beynəlxalq münasibətlər sistemi sürətlə dəyişən və getdikcə daha mürəkkəbləşən geosiyasi reallıqlar fonunda formalaşır. Xüsusilə Şərqi Avropa və Yaxın Şərqdə baş verən proseslər qlobal təhlükəsizlik arxitekturasının yenidən nəzərdən keçirilməsini zəruri edir. Bu şəraitdə enerji təhlükəsizliyi, dayanıqlı kommunikasiya xətləri və etibarlı strateji tərəfdaşlıqlar dövlətlər üçün əsas prioritetlərə çevrilir.
Belə bir mürəkkəb mühitdə Azərbaycan öz coğrafi mövqeyi, enerji resursları və tranzit imkanları ilə regionlararası əlaqələrin qurulmasında mühüm rol oynayır. Bu baxımdan Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri təkcə ikitərəfli münasibətlərlə yanaşı Avropa ilə Mərkəzi Asiya arasında əməkdaşlığın inkişafı və yeni strateji balansın formalaşması kontekstində də xüsusi əhəmiyyət kəsb edir.
Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a Avropa ölkələrinin Azərbaycana artan marağından danışıb:
"Hazırda dünyanın iki mühüm strateji qütbü hesab olunan Şərqi Avropa və Yaxın Şərqdə hadisələrin dramatik inkişafı kritik həddə çatıb. Bu vəziyyət Avropada və Asiyanın böyük bir hissəsində təhlükəsizlik məsələlərini yenidən aktuallaşdırıb. Baş verən hadisələr bir neçə önəmli faktı ortaya çıxardı. Birincisi, yeni və daha təhlükəsiz, davamlı işləyən kommunikasiya xətlərinə ehtiyac duyulur. İkincisi, və nəhayət, yeni dünya nizamında daha sabit strateji tərəfdaşların seçilməsi şərti ön plana çıxır.
Biz Çexiya prezidenti Babişin Azərbaycana səfərini həm ikitərəfli Çexiya-Azərbaycan münasibətləri kontekstində qiymətləndirə, həm ümumi Avropa İttifaqı-Azərbaycan münasibətləri çərçivəsində, həm də Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqına üzv dövlətlər arasında münasibətlər prizmasından dəyərləndirə bilərik. Çünki bu istiqamətlərin hər biri aktualdır. İkitərəfli münasibətlər çərçivəsində Çexiya prezidentinin Azərbaycana səfərinin konkret məqsədləri var. Azərbaycanın da bu səfərə ev sahibliyi etməsində eyni dərəcədə konkret məqsədləri mövcuddur. Artıq qeyd olunduğu kimi, təhlükəsizlik məsələləri, hərbi təhlükəsizlik və müdafiə sənayesinin inkişafı mühüm məsələlərdir. Çexiya üçün isə enerji və enerji resurslarının etibarlı və davamlı təmin edilməsi əsas prioritetlərdəndir. Digər istiqamətlərə isə qarşılıqlı iqtisadi inteqrasiyanın təşkili, investisiyaların təşviqi və əməkdaşlığın genişləndirilməsi daxildir".
Parlamentari Çexiya prezidentinin Azərbaycana səfərindən sonra Mərkəzi Asiya ölkələrinə də səfər edəcəyinin önəmindən də söz açıb:
"Bu kontekstdən yanaşdıqda, Azərbaycanın yaratdığı strateji körpü roluna ehtiyac daha aydın görünür. Bu strateji körpü Mərkəzi Asiya ilə Avropa arasında iqtisadi əməkdaşlığın dərinləşməsinə xidmət edir və təbii resursların səmərəli istifadəsini təşviq edir. Deməli, ticarət və iqtisadi əlaqələrin intensivləşdirilməsi məsələsi burada xüsusi əhəmiyyət kəsb edir. Ümumi Avropa maraqları kontekstində qeyd etmək lazımdır ki, Avropa hazırda strateji hərbi, siyasi və iqtisadi baxımdan ciddi dilemma ilə üz-üzədir. Köhnə tərəfdaşlar müəyyən mənada arxa plana keçir, yeni tərəfdaşların axtarışı zərurətə çevrilir. Bu şəraitdə Avropa həm iqtisadi və enerji təhlükəsizliyini, həm də hərbi-siyasi təhlükəsizlik sistemini yenidən qurmağa çalışır. Bu prosesdə isə Azərbaycanın coğrafi mövqeyi və təqdim etdiyi imkanlar vasitəsilə digər ölkələrlə əlaqələrin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır".
Deputat qeyd edib ki, bütövlükdə, bu səfər bir neçə məqsədə xidmət edən çoxşaxəli xarakter daşıyır:
"Xüsusilə səfər Azərbaycan-Çexiya münasibətlərinin daha da dərinləşdirilməsi və inkişaf etdirilməsi prosesin əsas istiqamətlərindən biridir".