Azərbaycan diasporası yeni mərhələdə daha fəal olmalıdır

Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;

ANCA ölkəmizlə bağlı qarşısına çox kəskin prioritetlər qoyub


Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, eləcə də erməni diasporunun və onları dəstəkləyən qüvvələrin ölkəmizə qarşı apardığı çirkin siyasətin qarşısının alınmasında xaricdə yaşayan azərbaycanlıların müstəsna xidməti var. Xüsusən, 44 günlük müharibədən sonra həmvətənlərimiz yaşadıqları müxtəlif ölkələrdə yüksək səviyyədə təşkilatlanmanın önəmini daha yaxşı dərk edirlər. Azərbaycan diaspora təşkilatlarının tərkib hissəsinə çevrilən həmvətənlərimiz xalqımıza, qardaş Türkiyəyə qarşı düşmənçilik və əsassız torpaq iddialarının, yalanla yoğrulmuş erməni ideologiyasının ifşa olunmasında ardıcıl və sistemli mübarizə aparırlar. Diaspor siyasəti dövlətin əsas güclərindən biridir. Diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrin siyasi həyatında aktivliyi həm təşkilatlanma səviyyəsi, həm də cəmiyyətlərin siyasi, iqtisadi inkişafı ilə bağlıdır. Dünyada təmsil olunmaq, ölkəni layiqincə təmsil etmək əsas vəzifədir. Azərbaycan diasporu son illər təşkilatlanaraq, xarici ölkələrdə öz mövqelərini möhkəmləndirməkdədir. Ancaq bu proses heç vaxt dayanmamalıdır. Yeni çağırışlara, dünyada baş verən proseslərə uyğunlaşmalıdır. 

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan diasporunun bütün nümayəndələri "dəmir yumruq" kimi birləşməyi bacardı. Xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində atılan praktik addımların nəticəsini müharibə zamanı gördük. Müharibədən sonra Azərbaycan diaspor təşkilatlarının fəaliyyətində yeni mərhələ başladı. Böyük Qələbədən sonra artıq diasporun da vəzifələri dəyişdi, yeni reallıqlara uyğunlaşdı. Biz artıq dünya ölkələrində müzəffər xalqın nümayəndələri kimi təmsil olunuruq. 

Diaspor fəaliyyəti, xaricdə yaşayan azərbaycanlıların diqqətdə saxlanması ölkə başçısının nəzarətindədir. Bu məsələyə xüsusi önəm verilir. Aktivlik aydın şəkildə hiss olunur. Artıq Azərbaycan diasporunun çağırışlara ən yüksək səviyyədə cavab verdiyi görünür. Xarici təşkilatlarda Azərbaycana qarşı mənfi fikirlər səsləndikdə, addımlar atıldıqda diasporumuzun ciddi şəkildə buna cavab verə bildiyini müşahidə edirik. Diaspor fəaliyyəti üçün güclü maliyyə təminatı vacib amildir. Dünyanın aparıcı ölkələrində diasporun fəaliyyəti, ofislərin saxlanması, tədbirlərin keçirilməsi, müxtəlif aksiyaların təşkili və s. üçün maliyyə təminatı yaxşı olmalıdır. Nəzərə alaq ki, güclü informasiya müharibəsi gedir. Dövlətin apardığı bu müharibə ilə bağlı xarici ölkələrdə fəaliyyət göstərən diasporumuzun üzərinə ciddi vəzifələr düşür. Ona görə, düşünürəm ki, diasporun maliyyə təminatı da diqqətdə saxlanmalıdır. Biz onlara lazım olan qədər vəsait ayırmalıyıq ki, yaxşı nəticələrə nail olaq. 
  
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə də “Sherg.az”a deyib ki, Azərbaycan diasporası yeni mərhələdə daha fəal olmalı, aramsız işləməlidir. Ekspertin sözlərinə görə, Azərbaycan diaspor quruculuğu siyasətində yeni mərhələnin əsası qoyulub. Eyni zamanda diaspor üzvləri öz məsuliyyətini daha çox hiss edirlər: "İyul hadisələrindən, xüsusən Vətən müharibəsindən sonra diaspor fəallarımızın xarici ölkələrdə önə keçməsi və müstəqillik tariximizdə ilk dəfə olaraq erməni diasporunu məğlub durumuna salması bunu bir daha sübut etdi. Bu, bizdə əminlik yaradır ki, artıq diasporumuz təşkilatlanaraq mütəşəkkil hala gəlib və Azərbaycan uğrunda hər zaman mübarizəyə hazırdır.

 Artıq dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etmək istiqamətində bir sıra layihələr həyata keçirilib. Bütün bunlar da diaspor təşkilatlarının fəaliyyətinə motivasiya verib. Onlar Azərbaycanın haqq səsinin müdafiəsi, erməni terrorizminin ifşa olunması ilə bağlı həmrəylik nümayiş etdirirlər. Müasir dövrümüzdə informasiya özü də bir mübarizə növünə keçib. Beynəlxalq aləmdə KİV ilə mübarizə aparmaq və media dayaqlarımızı gücləndirmək üçün xarici ölkə mediasıyla sıx əlaqələrin qurulması zərurətə çevrilib. Həmçinin Azərbaycan həqiqətlərini yaymaq, Ermənistanın təcavüzkar və vandalizm siyasətini ifşa etmək üçün xarici KİV-də mütəmadi olaraq məqalələr işıqlandırılmalıdır. Vətən müharibəsi diasporumuzun da qarşısına fəaliyyət istiqamətlərini artırmaq və təkmilləşdimək üçün yeni öhdəliklər qoydu. Artıq xaricdəki soydaşlarımız daha mütəşəkkil şəkildə təbliğat və təşviqatlarını aparmalıdırlar. Hər şeydən öncə, təbliğatın ideoloji hədəfləri təyin edilməlidir. Yəni təbliğat mexanizmi ideologiya əsasında həyata keçirilməlidir. Bütün bu fəaliyyətlər həm də çatışmazlıq və boşluqların aradan qaldırılmasına xidmət etməlidir". 


  F.Hüseynzadə diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsindən sonra erməni lobbisi kəskin şəkildə aqressivləşib. Xüsusən də, erməni diasporunun ideoloji mərkəzi hesab olunan Amerikanın Erməni Milli Komitəsi (ANCA) bu baxımdan daha da fəallaşıb: "Ermənilər tərəfindən, demək olar ki, bütün terror və təxribatların törədilməsinin ideloji və maliyyə mənbəyi ANCA-dır. Çünki ANCA bir çox erməni terror təşkilatlarına maliyyə dəstəyi göstərir. Bütün bu fəaliyyətlər planlı şəkildə həyata keçirilir. Bunun üçün ANCA hələ 2021-ci ildə anti-Azərbaycan və anti-Türkiyə prioritetlərini açıqlayıb. Azərbaycana hərbi yardımı dayandırmaq və Qarabağdakı separatçı rejimə dəstək də bu prioritetlərə daxildir. ANCA və onun yerli bölmələri Ağ Ev, Dövlət Departamenti və Konqres üzvləri ilə daimi işləyir və onları ABŞ-nin Azərbaycana hərbi yardımını dayandırmağa və qondarma rejimə təcili humanitar yardım göndərməyə çağırır. Bu baxımdan, xüsusən ermənipərəst Konqres üzvləri Bayden Administrasiyasına təzyiqi daha da gücləndirib. Onlar dəfələrlə Bayden Administrasiyasına anti-Azərbaycan müraciətlər ünvanlayır, qətnamələr qəbul edirlər. Laçın-Xankəndi yolunda Azərbaycan ekofəallarının etiraz aksiyasından sonra ABŞ konqresmenləri dayanmadan bu istiqamətdə fəaliyyət göstərirlər. Göründüyü kimi, ANCA ölkəmizlə bağlı qarşısına çox kəskin prioritetlər qoyub və artıq terror təşkilatı imici yaradır. Buna qarşı önləyici tədbirlərin görülməsi dövlətimiz naminə faydalı olardı. Üçtərəfli Brüssel görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağ üzərindən Azərbaycanın ərazi bütövlüyünü tanıması erməni lobbisində qıcıq yaradıb. Buna görə erməni lobbisi, eləcə də bir neçə ABŞ konqresmeni Paşinyanı topa tutublar".