Azərbaycan və Özbəkistan dilləri daha da yaxınlaşacaq - Aqil Camal

  • “Azərbaycan-Özbəkistan münasibətləri strateji müttəfiqlikdən də irəli aparılır”

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri Bakı ilə Daşkənd arasında münasibətlərin yeni mərhələyə keçidini nümayiş etdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlər, Ali Dövlətlərarası Şuranın üçüncü iclası və əldə olunan razılaşmalar iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin praktiki məzmununu daha da zənginləşdirdi.

Səfərin ən mühüm nəticələrindən biri Azərbaycan və Özbəkistan arasında “Əbədi dostluq haqqında Müqavilə”nin imzalanması oldu. Bu sənəd tarixi, mədəni və mənəvi yaxınlıq üzərində qurulan münasibətlərin siyasi-hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Bakı ilə Daşkənd arasında əməkdaşlığın uzunmüddətli perspektivlərini müəyyənləşdirir. Eyni zamanda, nəqliyyat, logistika, enerji, investisiya, ticarət və humanitar sahələrdə əlaqələrin genişləndirilməsi iki ölkənin münasibətlərinin yalnız ikitərəfli müstəvidə deyil, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında regional bağlantıların gücləndirilməsi baxımından da əhəmiyyətini artırır.

“Türküstan Media Qrupu”nun baş redaktoru Aqil Camal Sherg.az-a bildirib ki, Azərbaycan Prezidentinin Özbəkistana səfəri zamanı iki ölkə arasında imzalanmış Əbədi Dostluq haqqında müqavilə indiyə qədər başqa ölkələrlə münasibətlərdə bizim rast gəlmədiyimiz yeni bir hal, yeni bir diplomatik səviyyədir:

“Özbəkistanla Azərbaycan strateji müttəfiqlik səviyyəsində münasibətlərini inkişaf etdirirdi. Yeni müqavilə ilə bu münasibətlər artıq strateji müttəfiqlikdən də irəli aparılır. Bu müqavilənin məzmununa baxanda iki ölkə arasında həm münasibətlərin, həm imzalanmış sazişlərin, müqavilələrin məcmusu burada toplandığını görərik. Eyni zamanda burada artıq yalnız dövlətin, dövlət qurumlarının deyil, hər iki ölkənin xalqlarının üzərinə də müəyyən missiya verilir. Yəni tarixi, mədəniyyəti, ədəbiyyatı, mənəvi dünyası, dini və ən müxtəlif ortaq dəyərləri ilə bir-birinə yaxın olan xalqlara müasir dövrdə daha da yaxınlaşmaq üçün şərait yaradılır”.

Baş yazar müqavilədə qeyd olunan dil məsələlərinə də diqqət çəkib:

“Qarşılıqlı olaraq Azərbaycan dilinin Özbəkistanda, özbək dilinin Azərbaycanda təbliği, öyrədilməsi gələcəkdə əlaqələrimizin inkişafında xüsusilə vacibdir. Normalda o qədər də fərqlənməyən, sadəcə müəyyən sayda ifadələrdə, sözlərdə və yaxud da hərflərin yaratdığı fərqlər. Bu fərqləri də tədricən yoluna qoymaq və yaxud da insanların oxuma, dinləmə alışqanlığını formalaşdırmaq üçün hər iki tərəfdən dillə bağlı işin aparılması önəmlidir. Həmçinin mən hesab edirəm ki, indiki dövrdə film sənayesinin məhsullarının qarşılıqlı mübadiləsi həyata keçirilə bilər. Məsələn, hazırda da Azərbaycanın bəzi kanallarında özbək filmlərinin, seriallarının, tərcümə olunmuş şəkildə yayımlanması var. Eynisinin özbək televiziyaları tərəfindən Azərbaycan seriallarının da yayımlanması mümkün ola bilər. Aamma bu zaman yaxşı olar ki, həmin seriallarda dilin orijinalı, yəni əsli saxlanılsın . Bu zaman insanlar o filmlərə baxarkən artıq Azərbaycan dilinin incəliklərini, Azərbaycanda isə özbək dilinin incəliklərini öyrənə bilərlər. Bu təcrübə Türkiyənin son 20 ildə film sənayesindəki nəticələrində görünüb ki, film üzərindən türk dilinin dünyada həm türk ölkələrində, eyni zamanda digər ölkələrdə də öyrənilməsinə ciddi təkan verir. Bundan başqa, təhsil sahəsidir, ortaq ümumiyyətlərdir, təhsil proqramlarıdır, mədəniyyətin ən müxtəlif sahələridir. Bu kimi məsələlərdə də iki ölkənin müvafiq qurumlarının əməkdaşlığına yeni səhifəmizdə, yeni Əbədi Dostluq müqaviləsində bir sıra maddələr var. Bu baxımdan yeni imzalanmış müqavilə artıq iki ölkənin münasibətlərini yeni bir mərhələyə daşıyacaq. Bunun üçün hər iki ölkənin rəhbərliyində siyasi iradə mövcuddur”.