“Siyasətlə heç bir əlaqəsi olmayan Samvel Karapetyan Rusiyanın maraqlarını qorumaq üçün bura göndərilib. Onlar öz maddi maraqları naminə Ermənistanın suverenliyindən imtina etməyə hazırdırlar. Müxalifət yanlış yerlərdə “xilaskar” axtarır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputat Lusine Badalyan deyib.
Deputat digər rusiyapərəst müxalifət liderləri Qaqik Sarukyan və Robert Köçəryanın da eyni məqsədlərə xidmət etdiyini bildirib.
Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Avrasiya İqtisadi Birliyi və Avropa İttifaqı arasında ən qəsa müddətdə qərar verməli olduğu barədə bəyanatına gəlincə, Badalyan qeyd edib:
“Bunun üçün Putinin icazəsi lazım deyil, vaxtı gələndə Ermənistan xalqı Avropa İttifaqı ilə bağlı qərar verəcək.
Rusiya bundan əvvəl öz nümayəndələrini hakimiyyətə gətirmək üçün müxtəlif üsullara - fiziki zorakılıq və terrorizmə əl atıb. İndi isə Putin şəxsən Ermənistandan Konstitusiyanı pozmağı tələb edir. Amma ruslar bütün vasitələrin tükəndiyini, son ümidin seçkilər olduğunu başa düşürlər. Ermənistan xalqı iyunun 7-də növbəti dəfə onları məğlub edəcək”.
Hakim partiyanın üzvü Ermənistanın katolikosu II Qareginin rusiyalı oliqarx Samvel Karapetyanla görüşü və seçkilərdə onu dəstəkləməsinə də diqqət çəkib: “Kilsə müəyyən qüvvələrin əlində alətə çevrilib, hansı səviyyəyə endiklərinə baxın, faciədir”.