Bahalı dərman yazan həkimlər...
Ona görə də həkimdən çıxanda aptekə girməyə qorxurlar “Resept yazırlar, yönəldirlər hansısa firmanın dərmanlarını almağa. Adətən həkim firma ilə işləyəndə çalışır çox dərman yazsın”
“Pul qazanmaq gözəldir, amma haram yolla, çarəsiz insanların gözyaşı, ah-naləsi ilə yox! Aşağıdakı yazını qrupda gördüm, sizinlə paylaşmaq istədim. Oxuyun və həkim sizə çox dərman yazanda sorğulayın vəziyyəti”. Bu sözləri feysbuk hesabında sosial şəbəkə istifadəçisi paylaşıb. “Bakı sakinləri deyirlər ki, əksər həkimlər bahalı dərman yazırlar. Ona görə də həkimdən çıxanda aptekə girməyə qorxurlar. Resept yazırlar, yönəldirlər hansısa firmanın dərmanlarını almağa. Adətən həkim firma ilə işləyəndə çalışır çox dərman yazsın. Bir reseptdə üç dərmandan artıq yazılanda gərək həkim hesabat versin. Firma dərmanları çıxandan resept iki vərəqdir. Təxminən 4 ilə yaxın dərman firmasında işləmiş şərti adı Aysel olan xanım həkimlərin nə üçün bahalı dərmanları satmaqda maraqlı olduqlarından danışıb:
- Firmalar aylıq limit qoyur ki, tutaq ki, ayda 100 dənə 200 qramlıq antibiotik yazmalısan. Həmin məbləği ya qabaqcadan verirlər, ya da yazıb qurtaranda sonra. O da həmin dərmanları yazır ödəyir. Aybaay satışı qaldırmalıydıq. Bunu bizdən yuxarıdan tələb eləyirdilər. Satış qalxdıqca bizim maaşımız qalxırdı. Biz həkimə deyirdik ki, sənə filan qədər pul verəcəyik. O da çalışırdı ki, ayın sonunadək lazım oldu-olmadı dərmanın qramını artıq yazıb satsın. Tutaq ki, xəstəyə 3-4 qram lazımdırsa 10 qram yazırdı ki, tez ödəsin qurtarsın. İşçilərin əməkhaqları dərmanların üzərinə maya dəyərindən xeyli artıq pul qoyulmaqla verilirdi. Allah vicdanlı həkimlərimizi qorusun.
Terapevt Şahvələd Məmmədov “Sherg.az"a açıqlamasında qeyd etdi ki, bəli, bu problem var:

"Belə problemlər yaşanır. Bilisiz, bu, birbaşa həkimin vicdanına hesablanan məsələdir. Dərmanların əksəriyyətini firmalar gətirir. Qida əlavələri kimi tövsiyə olunan dərmanlar var ki, həkimlər bəzən onları da təyin edir. Elə xəstəlik var, onun müalicəsində 1 dənə də qida əlavəsinə ehtiyac yoxdur. 3-4 dərman preparatı müalicə üçün kifayət edir. Həkim də xəstənin maddi durumunu nəzərə ala bilmir çox zaman. Konkret xəstəliyin müalicəsində istifadə edilməli dərmanlar var ki, onlar yazılmalıdır, müalicə müddətində qəbul edilməlidir. Belə olan halda, həkim xəstənin maddi durumunu nəzərə ala bilmir. Amma əlbəttə ki, əlavə preparatlar, xəstəliyin müalicəsində vacib olmayan, hətta gərəksiz olan, məsələn, hansısa qida əlavələrini faydasız yerə pasiyentə təyin etmək olmaz. Həkimlər bunu nəzərə almalıdır və yalnız müalicə üçün faydalı olacaq dərman preparatlarını təyin etməlidirlər. Ona gorə də biz təkid edirik ki, bir sıra vacib, əhəmiyyətli dərman preparatları da icbari tibbi sığortaya daxil edilsin, onların dəyəri dövlət hesabına ödənsin ki, pasiyentlərin üzərinə ağır maddi yük düşməsin".