"Azərbaycan son illərdə şəhərsalma, infrastruktur və “yaşıl şəhər” konsepsiyası istiqamətində ciddi inkişaf nümayiş etdirir"
Bakıda keçirilən WUF-13 (Dünya Şəhərsalma Forumu) şəhərsalma və urbanizasiya sahəsində mühüm beynəlxalq tədbirlərdən biri oldu. Forum bu sahədə aktual məsələlərin müzakirəsi və yeni ideyaların paylaşılması üçün geniş imkanlar yaratdı. Bu çərçivədə forumda səsləndirilən fikirlər urbanizasiya sahəsində aktual tendensiyaların daha dərindən müzakirəsinə şərait yaratdı.
WUF-13-ün Bakıda keçirilməsi isə Azərbaycanın beynəlxalq tədbirlərin təşkili və şəhərsalma sahəsində artan rolunu dünyaya bir daha göstərdi.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin Tədris işləri üzrə prorektoru Rövşən Rəhimjanov Sherg.az-a WUF-13-ün Azərbaycanda keçirilməsindən və forumda Özbəkistanın iştirakından danışıb: 
"Hazırkı dövrdə urbanizasiya səviyyəsi çox yüksəkdir. Urbanizasiya özü şəhərləşmə mənasını ifadə edir. Əsas məqsəd şəhər infrastrukturunun əhaliyə uyğun şəkildə formalaşdırılması və insanlar üçün şərait yaradılmasıdır. Sonuncu Urbanizasiya Forumu da məhz Bakıda keçirildi. Şəxsən bizim prezidentimiz cənab Şavkat Mirziyoyev də həmin tədbirdə iştirak etdi və öz çıxışı ilə fikirlərini bölüşdü. Prezidentimizin irəli sürdüyü əsas fikirlərdən biri şəhərlərin yaşıllaşdırılması idi.
İkinci olaraq isə bir təklif daha səsləndirildi. Hazırda Özbəkistanda Yeni Özbəkistan şəhərciyi inşa olunur. Məhz 2030-cu ildə Urban Forumun həmin Yeni Özbəkistan şəhərciyində keçirilməsi təklif edildi. Orada yaradılan bütün şəraitin, xalq üçün görülən işlərin və həyata keçirilən layihələrin təqdim olunacağı vurğulandı.
Ümumiyyətlə, burada çoxsaylı yanaşmalar mövcuddur. Kanalizasiya məsələləri, su və drenaj sistemləri, əhalinin elektrik, qaz və işıqla təminatı kimi məsələlər həmin yeni şəhərcikdə həyata keçirilən işlər sırasında xüsusi qeyd edildi".
Prorektor vurğulayıb ki, Bakıda belə bir forumun keçirilməsi olduqca önəmli və uğurlu addım idi:
"Azərbaycan son illərdə şəhərsalma, infrastruktur və “yaşıl şəhər” konsepsiyası istiqamətində ciddi inkişaf nümayiş etdirir. Eyni zamanda Bakı beynəlxalq tədbirlərin keçirilməsi baxımından böyük təcrübəyə malik şəhərdir. Hesab edirəm ki, forumun Bakıda keçirilməsi həm region ölkələri arasında əməkdaşlığın güclənməsinə, həm də urbanizasiya sahəsində yeni təşəbbüslərin müzakirəsinə mühüm töhfə verdi".