Bakı-İrəvan təmasları intensivləşir, gizli gündəm daha genişdir - POLİTOLOQ

Qarşılıqlı etimad mühiti formalaşır, sülh prosesi sürətlənir

Oqtay Qasımov: “Qarşılıqlı etimad mühiti formalaşır, sülh prosesi sürətlənir”

Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin son mərhələsi qarşılıqlı təmasların intensivləşməsi ilə xarakterizə olunur. Bu kontekstdə yüksək səviyyəli qarşılıqlı səfərlər və danışıqlar regional sabitlik və davamlı sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on üçüncü iclasının keçirilməsi də bunu sübut edir.

Politoloq Oqtay Qasımov Sherg.az-a bildirib ki, Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin dünən Ermənistana səfəri çox önəmli hadisə kimi dəyərləndirilməlidir:

"28 avqust Vaşinqton görüşündən sonra son bir ildə tərəflər arasında təmaslar daha da intensivləşib. Həmçinin ötən ilin 28 noyabrında Ermənistan nümayəndə heyəti Mher Qriqoryanın başçılığı ilə Qəbələ şəhərinə səfər etdi. Həmin səfərdə tərəflər əsasən sərhədlərin demarkasiyası və delimitasiyası məsələlərini müzakirə etdilər. Bundan əlavə, hər iki ölkənin baş nazir müavinləri kommunikasiyaların açılmasına məsuldurlar və bu istiqamətdə yaradılmış komissiyaların həmsədrləri kimi iqtisadi bloka cavab verirlər.

Bunu nəzərə alsaq, dünənki görüşdə yalnız bəyan edilən deyil, daha geniş məsələlərin də müzakirə olunduğunu demək olar.

Belə ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası, kommunikasiyaların açılması ilə bağlı mövcud vəziyyət ətraflı müzakirə edilib. Bununla yanaşı, ticari əlaqələrin genişləndirilməsi istiqamətində də müzakirələrin aparıldığı şübhə doğurmur". 

Politoloq iki dövlət arasında iqtisadi əlaqələrin də inkişag etdiyini qeyd edib:

"Bu gün Biləcəridən yeddi vaqon Rusiya taxılının Ermənistan istiqamətində yola salınması da bunu təsdiqləyir.

Bu baxımdan, bu cür səfərlərin əhəmiyyəti tərəflərin mövqelərinin bir-birinə yaxınlaşması və qarşılıqlı etimad mühitinin formalaşdırılması baxımından xüsusilə böyükdür. Ümumilikdə, bu kimi təmaslar və əlaqələrin gücləndirilməsi sülh prosesinin irəliləməsinə müsbət təsir göstərən mühüm amillərdir".