Bakıda COP29-un bağlanış plenar sessiyası başa çatıb
02:38 24.11.2024
Gündəm
411
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bağlanış plenar sessiyasının ikinci hissəsi yekunlaşıb.
"Report"un məlumatına görə, COP29-un prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev son iki həftə ərzində tərəflərin çox gərgin işlədiyini bildirib, heç kimin Bakıdan əsas məqsədimizlə bağlı yaxşı nəticə əldə etmədən getmək istəmədiyini, dünyanın gözünün COP-a fokuslandığını deyib.
Braziliyanın ətraf mühit naziri Marina Silva bildirib ki, ölkəsində keçiriləcək COP30 konfransı bütün ölkələr arasında möhkəmlənəcək əməkdaşlığın nümunəsi olmalıdır.
Daha sonra COP29 çərçivəsində keçirilmiş müzakirələrin hesabatları və iclasların protokolları, həmçinin razılaşdırılmış sənədlər təsdiqlənib. COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan edilməsi barədə qətnamə qəbul olunub.
Plenar iclasda Paris Sazişinin 6-cı maddəsi tam təsdiq olunub. Bu, yüksək inteqrasiya olunmuş karbon bazarları üzrə danışıqların onillik müddətdən sonra başa çatmasıdır.
Tədbirdə inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlamasını təmin edən tarixi qərar qəbul olunub.
Plenar iclasda Paris Sazişinin 13-cü maddəsinə uyğun olaraq İkiillik Şəffaflıq Hesabatlarının hazırlanması, qabiliyyət quruculuğu sahəsində inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstəyin göstərilməsinə dair qərar qəbul olunub. Qərar Paris Sazişinin 13-cü maddəsi ilə yaradılan Zənginləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsi, o cümlədən inkişaf etməkdə olan ölkələr tərəfindən İkiillik Şəffaflıq Hesabatlarının hazırlanmasına maliyyə və texniki dəstəyin göstərilməsini ehtiva edir.
Plenar iclasın davamında yeni iqlim hədəfi qəbul olunub. Belə ki, COP29-un əsas prioriteti olan iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfi qəbul olunub.
Sənədə əsasən, inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 100 milyard ABŞ dolları məbləğində vəsaitin birgə səfərbər edilməsi məqsədinin 2035-ci ilədək ən azı 300 milyard ABŞ dollarına çatdırılması təmin ediləcək. Bu vəsait dövlət, özəl, habelə çoxtərəfli mənbələr daxil olmaqla bütün mümkün mənbələr hesabına təmin olunacaq. Sənəd inkişaf etməkdə olan ölkələri könüllülük prinsipi əsasında iqlim maliyyəsinə töhfə verməyə çağırır.
COP29 Prezidenti Muxtar Babayev Azərbaycan Prezidenti İlham Əliyevə tədbirin yüksək səviyyədə təşkilinə verdiyi dəstəyə görə minnətdarlığını bildirib. O, BMT-nin rəhbərliyinin və müvafiq qurumlarının, Azərbaycanın dövlət orqanlarının, COP29 Əməliyyat Şirkətinin, könüllülərin fəaliyyətini vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərar COP28-in 2023-cü ilin dekabrın 11-də keçirilən plenar iclasında verilib. Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) noyabrın 11-də başlayıb. COP29 Sədrliyi Fəaliyyət Gündəliyi çərçivəsində qlobal təşəbbüsləri elan edib. Sədrlik tərəfindən irəli sürülən təşəbbüslərin məqsədi iqlim fəaliyyətini irəlilətmək, tərəf olmayan maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə bağlı ambisiyaları artırmaq və fəaliyyətə təkan verməkdir.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransı 1995-ci ildən hər il keçirilir. Tədbirin keçirilməsində əsas məqsəd dünyada iqlim dəyişikliyi ilə mübarizədə irəliləyişləri qiymətləndirməkdir. 1990-cı illərin ortalarından başlayaraq konfrans çərçivəsində inkişaf etmiş ölkələrdə istixana qazlarının atmosferə tullantılarının məhdudlaşdırılması ilə bağlı icbari hüquqi öhdəlikləri ehtiva edən Kioto Protokolu müzakirə olunmuşdu. 2011-2015-ci illərdə keçirilən sessiyalarda iqlim dəyişikliyi ilə mübarizədə ən əhəmiyyətli beynəlxalq sənəd hesab olunan Paris Sazişi müzakirə edilib və 2015-ci ildə qəbul olunub. Razılaşmaya bu günədək 195 ölkə, o cümlədən Azərbaycan da qoşulub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət