Zəngəzur dəhlizi Kreml üçün kabusa çevrilir
Ermənistan hakimiyyətinin respublikanın dəmir yollarının idarə olunmasında Rusiyanı əvəz etmək istəyi düşünülməmiş qərardır.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
O bildirib ki, belə bir addımdan sonra mövcud sistem bir gecədə sıradan çıxa bilər:
"Digər ölkələrin dəmir yollarının idarə olunmasındakı səriştəsini qiymətləndirməyəcəyəm, amma əminliklə deyə bilərəm ki, başqa bir şirkətin Ermənistanda uzun müddətdir ki, ən çətin şərtlərdə effektiv şəkildə fəaliyyət göstərən Rusiya dəmir yolu daşıyıcısını tam əvəz edə bilməsi ehtimalı azdır.
Bu yaxınlarda Ermənistanın ABŞ ilə nüvə əməkdaşlığı planları ilə bağlı vəziyyəti şərh etdim. Beləliklə, diplomatik dillə desək, düşünülməmiş qərarlar sıravi Ermənistan vətəndaşlarına baha başa gələcək təhlükəli təcrübələrə səbəb ola bilərmi?
Təxminən iyirmi il ərzində qurulmuş bir sistem sadəcə bir gecədə çökə bilər. Təbii ki, heç bir "dost ölkə" buna görə məsuliyyət daşımayacaq. Ümid edirəm ki, vacib qərarlar qəbul edərkən Ermənistan rəhbərliyi yalnız vətəndaşlarının maraqlarından çıxış edəcək".
Politoloq Elçin Xalidbəyli “Sherg.az” a bildirib ki, Zəngəzur dəhlizinin reallığa çevrilmə ehtimalı artdıqca, Kremldə ciddi narahatlıq və isterik vəziyyət müşahidə olunur:
“Moskva anlayır ki, əgər Tramp marşrutu həyata keçərsə, bu, həm Ermənistanın, həm də bütövlükdə Cənubi Qafqazın Rusiyanın təsir dairəsindən sürətlə uzaqlaşması ilə nəticələnəcək. Hazırda Amerika Birləşmiş Ştatları regiona fəal şəkildə maraq göstərir və Ermənistanda yerləşməyə başlamaqdadır. ABŞ vitse-prezidenti Vensin Cənubi Qafqaza səfəri bunu açıq şəkildə göstərir ki, Vaşinqton bu regiona xüsusi strateji əhəmiyyət verir. Bayden Administrasiyasının yanaşmasından fərqli olaraq, ABŞ hazırkı strategiyasında Cənubi Qafqazı yalnız regional deyil, qlobal geosiyasi və iqtisadi baxımdan da strateji əhəmiyyətli bir region kimi qəbul edir. Bu yanaşma Cənubi Qafqazın qlobal logistika və tranzit mərkəzinə çevrilmə perspektivlərini daha da aktuallaşdırır. Beləliklə, Zəngəzur dəhlizinin açılması və regionun qlobal iqtisadi layihələrdə iştirakının artması, həm geosiyasi balansı dəyişdirə, həm də ABŞ və müttəfiqlərinin regiondakı mövqelərini gücləndirə bilər”.
E. Xalidbəyli qeyd edib ki, bütün bunlar təbii olaraq Kremli ciddi şəkildə qıcıqlandırır:
“Çünki Cənubi Qafqazın əldən çıxma ehtimalının artdığını aydın şəkildə görür. Cənubi Qafqazda Rusiyanın əsas təsir mexanizmləri məhz Ermənistan üzərində cəmləndiyindən, Kreml bu ölkə ilə qarşıdurmanı dərinləşdirir. Lakin Ermənistan tədricən Rusiyanın təsir mexanizmlərini zəiflətməyə çalışır. Məsələn, əvvəllər Rusiya sərhədçiləri Ermənistan hava limanından çıxarılmışdı, artıq isə onların Türkiyə və İran sərhədlərindən çıxarılması mövzusu ciddi müzakirə predmeti olub. Eyni zamanda, Rusiyanın Gümrüdəki hərbi bazasının Ermənistandan çıxarılması da gündəmə gətirilir. Belə bir vəziyyətdə, Rusiyanın əlindəki ən əhəmiyyətli təsir mexanizmlərindən biri olan Ermənistanın bütün dəmiryollarına nəzarət məsələsi də təhdid altına düşür.
Bu proses, regionda Rusiyanın mövqeyinin sürətlə zəifləməsinə işarə edir və Kremlin Ermənistan üzərindəki ənənəvi təsir vasitələrinin əhəmiyyətli ölçüdə məhdudlaşdığını göstərir”.
Politoloqun sözlərinə görə, rəsmi İrəvan artıq bu istiqamətdə yeni prioritetlər müəyyən etdiyini açıq şəkildə göstərir:
“Bəzi iddialara görə, Ermənistan dəmiryollarının Rusiyanın təsir dairəsindən çıxarılmasının vacibliyini Paşinyan hakimiyyəti dərk etməyə başlayıb və bu istiqamətdə müəyyən addımlar atmağa cəhd göstərir. Bu isə Kremli ciddi şəkildə qıcıqlandırır və Şoyqunun Rəsmi İrəvana yönəlik xəbərdarlıqları məhz buradan qaynaqlanır.
Böyük ehtimalla, dəmiryollarına nəzarət Rusiyanın əlindən alınarsa, Kremlin Tramp marşrutu üzrə regionda iştirak iddiası irəli sürmək imkanı belə olmayacaq. Həm Amerika Birləşmiş Ştatları, həm də Ermənistan Rusiyanın Zəngəzur dəhlizi layihəsində iştirakını yolverilməz hesab edir. Rusiya son vaxtlara qədər dəmiryolları üzərindən bu layihəyə qatılmaq ümidlərini qoruyub saxlayırdı. Lakin indi görünür ki, bu ümidlər də boşa çıxır. Bu vəziyyət Moskvanı ciddi şəkildə aqressivləşdirir və Ermənistana qarşı təhdidkar açıqlamalar verməyə sövq edir”.