- “Tramp marşrutu işə düşəndən sonra Orta Dəhliz Ermənistandan da keçəcək”
- Abutalıb Səmədov: “Gürcüstanın imtinası Cənubi Qafqaz platformasının yaranmasına mane olur”
Cənubi Qafqazda son illər baş verən siyasi və geosiyasi dəyişikliklər region ölkələri arasında əməkdaşlığın yeni mərhələyə keçməsini zəruri edir. Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişlər, nəqliyyat və kommunikasiya xətlərinin inkişaf etdirilməsi, eləcə də regionun beynəlxalq nəqliyyat marşrutlarında rolunun artması Cənubi Qafqazın vahid iqtisadi məkan kimi inkişafı üçün yeni imkanlar yaradır.
Bu baxımdan Azərbaycan, Ermənistan və Gürcüstan arasında siyasi və iqtisadi əməkdaşlığın genişləndirilməsi, ortaq maraqlar əsasında regional platformanın formalaşdırılması mühüm məsələlərdən biri kimi gündəmə gəlir. Xüsusilə Orta Dəhlizin genişləndirilməsi, yeni nəqliyyat bağlantılarının yaradılması və regionun Mərkəzi Asiya ilə əlaqələrinin gücləndirilməsi hər üç ölkə üçün əlavə iqtisadi imkanlar yarada bilər. Bununla yanaşı, regionda davamlı sülhün təmin olunması üçün Azərbaycan və Ermənistan arasında sülh prosesinin başa çatdırılması, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması əsas istiqamətlər olaraq qalır. Gürcüstanın da regional proseslərə cəlb olunması Cənubi Qafqazda uzunmüddətli sabitliyin və iqtisadi əməkdaşlığın təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu məsələlər Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda da müzakirə olunub. Forumda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Cənubi Qafqaz ölkələri arasında ümumi siyasi və iqtisadi platformanın yaradılmasının vacibliyindən danışıb, regionda sülh prosesi və nəqliyyat bağlantılarının inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb.
Politoloq Abutalıb Səmədov Sherg.az-a söyləyib ki, Cənubi Qafqaz ölkələri arasında ümumi siyasi və iqtisadi platformanın yaradılmasında əsas iki maneə var:
“Birincisi, Azərbaycan və Ermənistan arasında sülh sazişinin hələ də imzalanmamasıdır. Məlumdur ki, bunun üçün referendum keçirilməli və Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. İkinci maneə Gürcüstanla bağlıdır. Gürcüstan Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq platformalarından biri olan 3+3 platformasında iştirak etmir və bunu əvvəlcə Rusiyanın bu qurumda iştirakı ilə əlaqələndirirdi, baxmayaraq ki, özü aktiv şəkildə Rusiya ilə əməkdaşlıq edir. Gürcüstanın bu 3+3 əməkdaşlıq platformasında iştirakdan imtinası gələcəkdə Cənubi Qafqaz ölkələri arasında siyasi və iqtisadi platformanın yaranmasına da, təbii ki, mane olur. Ümid edək ki, Gürcüstan bu məsələlərdə gələcəkdə fərqli mövqe tutacaq və belə bir platformanın yaranmasında heç bir maneə qalmayacaq”.
Analitik Azərbaycan və Ermənistan arasındakı sülh prosesində Gürcüstanın hansısa iştirakı mümkünlüyünə də toxunub:
“Mən güman edirəm ki, buna heç bir ehtiyac yoxdur. Çünki bu prosesdə əsas yol keçilib, yalnız Konstitusiyanın qəbulu məsələsi qalıb və burada da Gürcüstanın hər hansı iştirakı və bu prosesə yardım etməsi mümkünsüzdür. Daha çox Rusiya bu prosesdə rol oynaya bilər, çünki Konstitusiya referendumunun keçirilməsinə əsas maneə törədən Rusiya tərəfdarı siyasi qüvvələrdir, Ermənistandakı Rusiya tərəfdarı siyasi qüvvələrdir. Burada Gürcüstanın görə biləcəyi heç bir iş yoxdur və bu mənada onun prosesə müdaxiləsinə də ehtiyac yoxdur”.
Politoloq vurğulayıb ki, bugün Orta Dəhliz Azərbaycandan sonra Gürcüstandan keçir, Türkiyədən, oradan da Avropaya qədər uzanır:
“Ancaq Tramp marşrutunun işə düşməsindən sonra Orta Dəhliz həm də Ermənistandan keçəcək. Həmçinin Orta Dəhlizdə yüklərin daşınma həcminin artırılması barədə ciddi iş gedir. Bu həcmin artırılması həm Gürcüstanla, həm də Ermənistanla gələcəkdə əməkdaşlığın daha da artırılmasına və bu daşınmalardan region ölkələrinin daha çox gəlir götürməsinə gətirib çıxaracaq. Və son nəticədə hər üç ölkənin inkişafına töhfə verəcək”.