"Əgər məsələ Trampdan asılı olsa bir razılaşma əldə olunacaq"
Yaxın Şərqdə artan gərginlik fonunda ABŞ və İran arasında mümkün danışıqlar yenidən diqqət mərkəzinə çevrilib. İslamabadda planlaşdırılan görüşə baxmayaraq, tərəflər arasında ciddi fikir ayrılıqları qalmaqdadır. Tramp bir tərəfdən Vensin görüşə hazır olduğunu deyir, digər tərəfdən isə Tehran bu məsələdə qeyri-müəyyən olaraq qalır. Görüşün baş tutub-tutmayacağı isə əsas suallardan biridir.
Beynəlxalq münasibətlər üzrə mütəxəssis Cevat Gök Sherg.az-a vəziyyətin çox mürəkkəb olduğunu söyləyib:
"Amerika bu gün danışıqlar üçün İslamabada gəlib. Amma İran hələ də “biz hazır deyilik, gəlmək istəmirik” deyir. Çünki atəşkəs pozulub, blokada davam edir. Tehran “Təhdid altında mən atəşkəsə də, masaya da otura bilmərəm”,- deyir.
İki ehtimal var. Əgər qısa müddətli atəşkəs uzadılarsa və müvəqqəti razılaşma layihəsi ortaya çıxarsa, gərginlik bir müddət donar. Amma Amerika nüvə məsələsində sıfır tolerantlıq göstərir. İran nüvə məsələsində razılaşmaya hazırdır. Əgər İran yalnız Amerika ilə danışsa, nüvə məsələsini həll edər. O sadəcə bunun qarşılığında sanksiyaların ləğv olunmasını şərt qoyur".
Analitik vurğulayıb ki, əgər Netanyahu işə qarışarsa hadisələr fərqli yol alacaq:
"“Hizbullaha dəstəyini kəs, ballistik raketlərin mənzilini azalt” kimi tələblər irəli sürülərsə, İran buna açıq şəkildə razılaşmayacaq.
Əgər məsələ Trampdan asılı olsa bir razılaşma əldə olunacaq. Amma Netanyahu belə bir razılaşmanı heç vaxt istəməz. Ona görə də əlindən gələni edəcək. Çünki razılaşma olarsa, Amerika bölgədən çəkiləcək, İranla İsrail üz-üzə qalacaq.
İsraildə böyük qarışıqlıq yarana bilər, hətta qaçışlar belə başlaya bilər. İranın dövlət quruluşunu bildiyim üçün onun razılaşmaya yaxın olduğunu deyə bilərəm".
Ekspert bildirib ki, Tehran açıq şəkildə razılaşmanın olmasını istəyir:
"Əgər Tramp “olar” desə onlar bir şəkildə uzlaşar. Lakin o, “Netanyahu ilə məsləhətləşim” desə, bu iş qətiyyən baş tutmaz".