CHP-də yeni ssenari: İmamoğlu ilə bağlı bu variant müzakirə olunur

Türkiyədə CHP-nin 38-ci növbəti qurultayının məhkəmə qərarı ilə ləğv edilməsindən sonra partiyada növbəti addımlar müzakirə olunur. Məhkəmə qərarı ilə yenidən CHP sədri vəzifəsinə qayıdan Kemal Kılıçdaroğlunın partiya daxilində uzlaşma yolu tutacağı bildirilir.

Sherg.az xəbər verir ki, Türkiyə mətbuatının yaydığı kulis məlumatlarına görə, Kılıçdaroğlu yaxın vaxtlarda növbədənkənar qurultay keçirməyi planlaşdırmır. Onun əvvəlcə partiya daxilində birliyi qorumağa və təşkilati prosesləri bərpa etməyə çalışacağı qeyd olunur.

CHP kulislərində ən çox müzakirə olunan məsələlərdən biri isə Əkrəm İmamoğlu və bəzi digər şəxslərlə bağlı mümkün intizam tədbirləridir. Məlumatlara görə, partiyadaxili müzakirələrdə onların partiyadan xaric edilməsi deyil, üzvlüklərinin müvəqqəti dayandırılması variantı gündəmə gələ bilər.

Bununla yanaşı, CHP rəhbərliyi məhkəmə qərarına qarşı hüquqi mübarizəni davam etdirir və qərarın ləğvi üçün müvafiq instansiyalara müraciətlər edib. Partiya daxilində isə həm növbədənkənar qurultay, həm də təşkilati dəyişikliklərlə bağlı müzakirələr davam edir.