CHP-nin sabiq sədri Kamal Kılıçdaroğlu partiya daxilində davam edən “mutlaq butlan” müzakirələri fonunda video mesaj yayımlayaraq diqqətçəkən açıqlamalar verib.
Sherg.az xəbər verir ki, sosial şəbəkə platforması X üzərindən paylaşdığı videoda Kılıçdaroğlu siyasətdə təmizlik və əxlaqın vacibliyini vurğulayaraq bildirib: “CHP haramın sığınağı ola bilməz”.
O, CHP-nin Türkiyənin siyasi tarixində mühüm yer tutduğunu qeyd edərək, partiyanı “Atatürkün qurduğu, xalqın istiqlal iradəsini təmsil edən bir miras” kimi dəyərləndirib.
Kılıçdaroğlu partiya daxilində “təmizlənmə” və daxili hesabat çağırışı edərək, “Bu ulu çinarın kölgəsi haramın və çirkliliyin sığınacağı ola bilməz” ifadəsini işlədib.
Sabiq CHP lideri ona yönələn tənqid və iddialara da cavab verərək, “İftiralar da, təhdidlər də mənə təsir etmir” deyib.
O, həmçinin vurğulayıb ki, siyasətdə əsas məqsədi şəxsi mənfəət deyil, ədalət və vicdan uğrunda mübarizə aparmaqdır.