“CNN Türk əməkdaşlarını hərbçilər saxladı” - CNN Türk xəbər koordinatoru

İdris Arıkan vurğulayıb ki, CNN Türk əməkdaşlarının türk olduqları üçün saxlanılmaları məntiqli görünmür

İsraildə jurnalistlərə qarşı təzyiqlərin artması diqqət çəkir. Təl-Əvivdən canlı yayım edən CNN TÜRK müxbiri Əmrah Çakmak və operator Halil Kahramanı İsrail təhlükəsizlik qüvvələri həbs edib.

Bu hadisə bölgədə jurnalistlərin fəaliyyətinə dair müzakirələri gündəmə gətirib.

CNN Türk xəbər koordinatoru İdris Arıkan Sherg.az-a mövzu ilə bağlı açıqlama verib:

"Əməkdaşlarımıza həmin ərazidə çəkiliş aparmağın düzgün olmadığını deyiblər. Amma onların çəkiliş apardığı yer Təl-Əvivdə insanların daxil olduğu yerlərdən biridir. İsrail polisinin iddiasına görə, onları kimsə şikayət edib. Guya orada Müdafiə Nazirliyinin binası var və onu çəkiblər. Amma bu, məntiqli görünmür. Çünki İsrail polisi iddia edir ki, onları guya polis saxlayıb. Halbuki müxbir və operator dostumuzu saxlayanlar hərbçilər idi.

Həm İsrail, həm də Türkiyə qurumlarına müraciət etdik. İsrail onların icazə müddətinin bitdiyini deyir. Lakin belə bir qayda var ki, gedərkən icazə üçün müraciət edirsən və bir həftə sonra cavab gəlir. Hətta müraciətin özü belə kifayət hesab olunur. Amma görünür, onların həmin müraciəti də yox sayıblar".

İdris Arıkan vurğulayıb ki, CNN Türk əməkdaşlarının türk olduqları üçün saxlanılmaları məntiqli görünmür. 

"İsrail mətbuatdan qorxur. Çünki mətbuat həqiqətləri çatdırır. Bu baxımdan yanaşsaq, son dövrdə Qəzzada 200-dən çox jurnalist öldürülüb. Buna görə də İsrailin mətbuata münasibəti dəyişib. Əvvəllər məsələləri daha sakit şəkildə həll etdikləri halda, indi hücumların artdığı bir dövrdən keçirik. Bu isə risklidir. Heç bir səbəb olmadan insanları həbs, mətbuata isə senzura tətbiq edirlər. Müharibədən sonra vurulan hərbi obyektləri göstərmirlər. Orada əməliyyat xarakterli təsir fəaliyyəti aparırlar. Mülki yaşayış məntəqələrinin vurulmasını göstərdikləri halda, hərbi obyektlərin vurulmasına və bunun nümayişinə senzura tətbiq edirlər. Bu da İsrailin son dövrdə həyata keçirdiyi siyasətlərdən biridir".

CNN Türk xəbər koordinatoru İsrailin mətbuat üzərinə təzyiq etdiyini söyləyib:

"İsrail son dövrdə davamlı şəkildə jurnalistlərə və media qurumlarına təzyiq göstərir. Jurnalist dostlarımızın həbs olunması da bu hadisələrdən biri kimi görünür".