Dönmə bucağı səhv çəkilib? - Ekspert Sarayevo küçəsində monitorinq tələb edir

Paytaxtın Xətai rayonu, Sarayevo küçəsində avtomobillərin dönmə hərəkəti üçün xəttin düzgün çəkilmədiyi bildirilir. Bunu əks edirən video sosial şəbəkədə yayılıb. Sürücülərə xəbərdarlıq edilir ki, manevr edərkən diqqətli olsunlar. Xətt düzgün çəkilmədiyindən avtomobillər sola dönərkən hüdud xəttini keçir, bu da 40 manat cərimə yazılmasına səbəb olur. 

Nəqliyyat məsələləri üzrə mütəxəssis Aslan Əsədov “Sherg.az”a açıqlamasında bildirdi ki, həmin əraziyə baxış keçirilməli və mövcud vəziyyət təhlil olunmalıdır: 

- Həmin ərazidə istər sosial şəbəkədəki video görüntülərdən, istərsə də müşahidə kameralarına əsasən görünür ki, hərəkət üzrə dönmə bucağı təkərin - şinin ön hissəsi ilə uzlaşmır, yəni geriyə dönən zaman məsafə var, amma tam dönüşün yerinə yetirilmə anında, yəni manevrin və yaxud dönmənin bitdiyi anda həmin bucaqla kəsişmir. Dönmə radiusu qırılır və bucaq əmələ gəlmir. Yaxşı olar ki, məsələyə yerində baxılsın, ərazidə monitorinq aparılsın, şəkil və əlavələr qeyd olunsun. Həmin ərazidə yenidən xətlənmə ilə məsələ həllini tapa bilər.