Dövlət Baxçalı: CHP-də gərginlik deyil, uzlaşma yolu seçilməlidir

MHP sədri Dövlət Baxçalı CHP-nin 38-ci növbəti qurultayı ilə bağlı məhkəmənin “mütləq etibarsızlıq” qərarından sonra açıqlama verib. O bildirib ki, siyasi tərəflər arasında gərginlik deyil, uzlaşma yolu seçilməlidir.

Sherg.az xəbər verir ki, Baxçalı qeyd edib ki, məhkəmə qərarı qurultayın hüquqi baxımdan etibarsız sayılması və əvvəlki rəhbərliyin müvəqqəti olaraq vəzifəyə qayıtması anlamına gəlir. Onun sözlərinə görə, bu vəziyyət partiyada hüquqi və siyasi qeyri-müəyyənlik yaradıb.

MHP sədri vurğulayıb ki, bu mərhələdə əsas çıxış yolu dialoq və razılaşmadır:

“Yeganə yol uzlaşmaqdır. Uzlaşmanın əsas şərti isə təxribatlardan uzaq durmaq, məsuliyyət və fədakarlıqla hərəkət etməkdir.”

Baxçalı həmçinin CHP daxilində keçmiş və indiki sədrlər - Kamal Kılıçdaroğlu və Özgür Özəl arasında ortaq formula ehtiyac olduğunu bildirib.

Onun sözlərinə görə, Kılıçdaroğlunun bu prosesdə “tarixi məsuliyyət” daşıdığı və partiyanın gələcəyi üçün Özgür Özəl ilə görüşərək ortaq həll yolu tapmasının daha doğru olacağı qeyd edilib.

Baxçalı əlavə edib ki, CHP-nin parçalanması və daxili qarşıdurmaya sürüklənməsi həm partiya, həm də Türkiyə siyasi sistemi üçün ciddi risk yarada bilər. O, prosesin soyuqqanlı və hüquqi çərçivədə həll edilməsinin vacibliyini vurğulayıb.