“Dünya əhalisinin üçdə ikisi bu məkanda yaşayır” - Deputat ŞƏT-in böyük gücünü açıqladı

  • TRIPP və Zəngəzur dəhlizi Azərbaycanın çəkisini artırır

Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq münasibətlər sistemində rolu və əhəmiyyəti son illərdə artmaqdadır. Təşkilata üzv və tərəfdaş ölkələr arasında iqtisadi, siyasi və nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı yeni əməkdaşlıq imkanları yaradır. Bu baxımdan Azərbaycanın təşkilatla münasibətləri və mövcud əməkdaşlığın gələcək perspektivləri də diqqət çəkən məsələlərdən biridir.

Millət vəkili Hikmət Babaoğlu Sherg.az-a açıqlamasında Şanxay Əməkdaşlıq Təşkilatının mühüm beynəlxalq iqtisadi əməkdaşlıq platformalarından biri olduğunu vurğulayıb: 

"Biz, əgər coğrafiya və dünya əhalisinin sayı kontekstində bunu qiymətləndirməyə çalışsaq, görəcəyik ki, dünya əhalisinin üçdə ikisi bu təşkilata üzv olan ölkələrin ərazilərində yaşayır.

Bu isə çox böyük istehsal və istehlak məkanı deməkdir. Təşkilat dinamik şəkildə inkişaf edir. 

2015-ci ildə Azərbaycan bu təşkilatla dialoq tərəfdaşlığı statusunda əməkdaşlıq edir. Ancaq bugünkü reallıqlar 2015-ci ildən kardinal şəkildə fərqlənən reallıqlardır.

Çünki ötən illər ərzində Azərbaycanın strateji mövqeyi güclənibdir. Coğrafi mövqeyi tərəfdaşlıq üçün daha mühüm əhəmiyyət kəsb etməyə başlayıbdır.

Xüsusən TRIPP marşrutu, Zəngəzur dəhlizi və Transxəzər marşrutlarının açılma perspektivi yaxınlaşdıqca, bu strateji əhəmiyyət daha da artır. Belə olan halda, şübhəsiz ki, Azərbaycan ŞƏT üçün mühüm coğrafiya, tranzit və kommunikasiya coğrafiyasına çevrilir".

Parlamentari qeyd edib ki, ŞƏT isə Azərbaycan üçün öz böyük istehsal-istehlak potensialına malik mühüm iqtisadi tərəfdaşa çevrilir:

"Nəzərə alsaq ki, ŞƏT-ə üzv olan dost ölkələrin, Qazaxıstanın, Qırğızıstanın da Azərbaycanla xüsusi münasibətləri var. Eləcə də Çindən gələn yüklərin Avropaya daşınması üçün artıq çox real imkanlar yaranıb. ŞƏT-Azərbaycan tərəfdaşlığının yeni perspektivlərinin açıldığını da müşahidə edə bilərik. Düşünürəm ki, bütün bu məsələlər Bişkekdə müzakirə ediləcək məsələlər olacaqdır. Azərbaycanın milli maraqları, beynəlxalq münasibətlər sistemində güclənməsi baxımından mühüm rol oynayacaqdır".