Elxan Şahinoğlu xəbərdarlıq edir ki, Əfqanıstan-Pakistan toqquşması müharibəyə çevrilə bilər
Əfqanıstan və Pakistan arasındakı münaqişə fonunda dünyanın diqqəti yenidən Orta Asiyaya yönəlib. İki ölkə arasında ötən ilin oktyabr və dekabr aylarında baş qaldıran silahlı toqquşmalardan sonra yaranmış nisbi sakitlik uzun çəkmədi. İki ölkənin hərbçiləri arasında yenidən Nanqarhar, Nuristan, Kunar, Xost, Paktiya və Paktika əyalətlərində atışma başlayıb.
Pakistanla sərhəd münaqişəsində Əfqanıstanın azı 133 hərbi qulluqçusu həlak olub, 200-dən çoxu yaralanıb. Pakistan Ordusunun həyata keçirdiyi əməliyyatlar zamanı Əfqanıstana məxsus 16 sərhəd postu məhv edilib, daha 7 post isə nəzarət altına götürülüb. Baş verənlər göstərir ki, sərhəd boyunca mövqe üstünlüyü uğrunda mübarizə lokal insident səviyyəsini aşaraq, hərbi qarşıdurma xarakteri alıb. Mövcud dinamika regionda təhlükəsizlik balansının ciddi şəkildə sarsıldığını ortaya qoyur.
Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlunun Sherg.az-a verdiyi müsahibəni təqdim edirik:
- Əfqanıstanla Pakistan arasında yenidən başlayan qarşıdurma gərgin mərhələyə qədəm qoyub. Tərəflər hansı məsələlər üzrə ortaq mövqeyə gələ bilmirlər?
- Əfqanıstanla Pakistan arasındakı gərginliyin kökü dərindir. XIX əsrin sonlarında Əfqanıstan və Hindistanın yerləşdiyi region Böyük Britaniya ilə Rusiya arasında rəqabət meydanı idi. Böyük Britaniyanın indiki Hindistan və Pakistan ərazilərini əhatə edən bölgədə imperiya qurduğu dövrdə, Əfqanıstan ilə Britaniya Hindistanı (indiki Pakistan) arasında 12 noyabr 1893-cü ildə saziş imzalanıb. Sənədə əsasən iki ölkə arasında “Durand xətti” adlı sərhəd çəkilir. 1947-ci ildə Hindistan ilə Pakistanın iki müstəqil dövlətə bölünməsindən sonra Əfqanıstan tərəfi 2600 kilometrlik Durand xəttinin hüquqi qüvvəsini itirdiyini irəli sürdü. Pakistan isə 1893-cü il sazişinə əsaslanaraq mövcud sərhədin qorunması mövqeyini tutdu. 2021-ci ildən sonra Talibanın yenidən hakimiyyətə gəlməsi ilə sərhəd problemi daha qabarıq şəkildə gündəmə gəldi. Britaniyanın müstəmləkəsi altında olan ölkələrin sərhəd problemləri yüz illər keçsə belə problemli məsələ olaraq qalır. Məsələn Hindistanla Pakistan sərhədində Kəşmir bölgəsi iki hissəyə bölünüb. Məhz Kəşmirə görə iki dövlət arasında dəfələrlə hərbi toqquşmalar baş verib. Əfqanıstanla Pakistanın məsələsi də buna bənzərdir.
- Bəzən “Təhrik-e-Taliban Pakistan” təşkilatı ilə Əfqanıstanda hakimiyyətdə Taliban hərəkatı qarışdırılır. Bu təşkilatın Əfqanıstandakı Taliban rejimindən fərqi nədir?
- Sovetlər birliyi 1979-cu ildə Əfqanıstana müdaxilə edərkən, müxtəlif silahlı qruplaşmalar yarandı. Bu qruplar SSRİ-nin işğalına qarşı mübarizə məqsədilə yaradıldı. Onlardan biri də taliban rejiminin nümayəndələri idi. Bunlar Əfqanıstandan kənarda, Pakistanla sərhəddə formalaşdı. 1989-cu ildə Sovet qoşunları Əfqanıstanı tərk etdikdən sonra ölkədə daxili qarşıdurmalar başladı. Sərhəddə formalaşan Taliban artıq Əfqanıstan ərazisində döyüşlərin iştirakçısına çevrildi. İllər keçdikdən sonra onlar digər təşkilatlara qalib gələrək, hakimiyyəti ələ aldılar. ABŞ-nin müxtəlif illərdə Əfqanıstana müdaxilə etməsinə baxmayaraq Taliban 2021 ci ildə hakimiyyəti yenidən ələ aldı. “Təhrik-e-Taliban Pakistan” kimi tanınan dəstə isə Pakistan vətəndaşlarından formalaşıblar. Onlar güclü hərbi potensiala malik deyillər. Lakin ötən ilin oktyabr ayında “Təhrik-e-Taliban Pakistan” təşkilatının müdaxilələri nəticəsində, Əfqanıstanla Pakistan arasında qarşıdurma yaşandı. Pakistan hökuməti bu dəstəni terror təşkilatı kimi qəbul edir. Rəsmi İslamabad Əfqanıstan rəhbərliyini terrorçulara şərait yaratmaqda təqsirləndirir. Rəsmi Kabil isə ittihamları rədd edir. Gərginliyin əsas səbəblərindən biri də bir-birinə qarşı irəli sürdükləri ittihamlardır.
- Bəs Bəlucistan Azadlıq Ordusunun bu proseslərə təsiri nədir?
- Bəluclar Pakistan İran və Əfqanıstanda yaşayan etnik qruplaşmadır. Onlar da Böyük Britaniyanın müstəmləkə siyasətindən doğan gərginliyə əsasən müxtəlif dövlətlərdə qalmağa məcbur olublar. Bəluclardan formalaşan radikal silahlı dəstələr, mərkəzi hakimiyyətə qarşı savaşırlar. Bəlucistan Azadlıq Ordusunun məqsədi Pakistanın cənub-qərbində yerləşən Bəlucistan əyalətini müstəqil dövlətə çevirməkdir. Ordu Pakistan dövləti və bir sıra ölkələr tərəfindən terror təşkilatı kimi tanınır. Hətta bir müddət əvvəl bəluclar ucbatından Pakistanla İran arasında, qarşılıqlı raket zərbələri baş vermişdi.
- Bilirsiniz ki, Çinin həm Pakistan, həm də Əfqanıstanla diplomatik münasibətləri normal səviyyədədir. Rəsmi Pekin tərəflər arasındakı prosesləri necə qiymətləndirir?
- Tərəflər arasında gərginlik birbaşa Çinin maraqlarına toxunur. Çünki Pakistan Çinin strateji tərəfaşlarından biridir. Çinin burada böyük yatırımları var. Eyni zamanda rəsmi Pekinin Talibanla da sıx əlaqələri mövcuddur. Əfqanıstan yoxsul ölkə olsa da, çox zəngin yeraltı resurslara malikdir. Çin bütün bunlardan yayarlanmaq üçün Əfqanıstanda da yatırımlar həyata keçirib. Müharibə şəraitində bu imkanlardan istifadə etmək Çin üçün olduqca çətindir. Ona görə də yaxın müddətdə Çin iki ölkəni razılaşmaya məcbur etmək üçün vasitəçi ölkə kimi çıxış edə bilər.
- Pakistanın ən yaxın müttəfiqləri arasında Azərbaycan və Türkiyə xüsusi rola malikdir. İki qardaş ölkə Əfqanıstanla Pakistan arasındakı proseslərə qarşı hansı mövqedədir?
- Azərbaycanın həm Pakistanla həm də Əfqanıstanla diplomatik münasibətləri var. 2024-cü ilin avqust ayında Kabildə Əfqanıstan, Özbəkistan və Azərbaycan arasında üçtərəfli danışıqlar olmuşdu. Hətta 2024-cü ilin fevral ayında Azərbaycanın Əfqanıstandakı səfirliyi fəaliyyətini bərpa etdi. Onu da qeyd edim ki, Əfqanıstanda etnik cəhətdən azərbaycanlı olan xeyli sayda əfşar tayfaları yaşamaqdadır. Bir sözlə, Azərbaycan və Türkiyə Pakistanla Əfqanıstan arasındakı problemlərin danışıqlar yolu ilə həllində maraqlıdırlar. Rəsmi Ankara bu məsələdə daha fəal mövqeyi ilə seçilir. Türkiyənin xarici ilər naziri Hakan Fidan əfqanıstanlı və pakistanlı həmkarları ilə telefonla danışaraq, gərginliyin ortadan qaldırılması üçün səylər göstərir.
- Əfqanıstanla Pakistan arasındakı toqquşmaların sonunu necə proqnozlaşdırırsız?
- Tərəflər arasında vasitəçi ölkələrin təşəbbüsü ilə razılaşma ola bilər. Ancaq bu da uzun çəməyəcək. Nə qədər ki, tərəflər arasında sərhədlər müəyyənləşmiyib, gərginlik azalmayacaq. Toqquşmalar bir neçə gün də davam etsə, genişmiqyaslı müharibəyə çevriləcək. Bu proseslər bölgə ölkələrini də narahat edir. Çünki onların hər iki ölkənin ərazisindən keçən layihələri var. Müharibə bu layihələrin aktiv qalmasını əngəlləyə bilər.
Aybəniz Səfərova