Kreml açıq danışdı, qaz kəsilərsə, Ermənistanda vəziyyət ağırlaşacaq
Ekspertlər hesab edirlər ki, enerji məsələsi yaxın dövrdə Ermənistanın xarici siyasət kursuna təsir göstərən əsas amillərdən biri olaraq qalacaq
Rusiyadan qaz təchizatı kəsilərsə, Ermənistan çətin vəziyyətilə üzləşə bilər və Moskva bu vəziyyətin daha da gərginləşməsini istəmir.
Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Ermənistanın Rusiyadan başqa qazı olmayacaq. Yeganə sual onların bu qazı haradan alacağıdır. Onlar sadəcə xəritəyə baxmalı və hansı boru kəmərlərinin hələ də işlədiyini görməlidirlər.
Buna görə də Ermənistandakı vəziyyət çox çətin olacaq. Biz bunu istəmirik”, - Overçuk bildirib.
Overçukun açıqlaması ilk baxışdan enerji təchizatı ilə bağlı texniki xəbərdarlıq təsiri bağışlasa da, əslində burada siyasi mesaj elementi daha güclü görünür. Son dövrlərdə Ermənistan-Rusiya münasibətlərində müşahidə olunan soyuqluq fonunda Moskva İrəvana onun enerji təhlükəsizliyinin hələ də böyük ölçüdə Rusiyadan asılı olduğunu xatırladır.
Ermənistan illərdir enerji sahəsində Rusiyaya bağlı model üzərində fəaliyyət göstərir. Ölkənin qaz tələbatının əsas hissəsi Rusiya mənbələri hesabına qarşılanır və mövcud infrastruktur da bu istiqamətə uyğun qurulub. Bu səbəbdən qısa müddətdə alternativ mənbələrə keçid həm texniki, həm də maliyyə baxımından ciddi çətinliklər yarada bilər.
Overçukun “sadəcə xəritəyə baxmaq kifayətdir” ifadəsi isə təsadüfi seçilmiş sözlər deyil. Bu bəyanatla Rusiya rəsmisi regiondakı enerji marşrutlarının reallığını qabardaraq Ermənistanın seçim imkanlarının məhdud olduğunu vurğulamağa çalışır. Beləliklə, Moskva bir tərəfdən mümkün risklərə diqqət çəkir, digər tərəfdən isə özünün regionun əsas enerji təminatçısı statusunu xatırladır.
Ekspertlər hesab edirlər ki, enerji məsələsi yaxın dövrdə Ermənistanın xarici siyasət kursuna təsir göstərən əsas amillərdən biri olaraq qalacaq. İrəvanın Qərblə münasibətləri genişləndirmək cəhdləri fonunda enerji təhlükəsizliyi mövzusu Rusiya tərəfindən mühüm təsir mexanizmi kimi istifadə oluna bilər. Bu isə göstərir ki, regionda enerji yalnız iqtisadi deyil, eyni zamanda geosiyasi alət kimi də öz əhəmiyyətini qorumaqdadır.