Əgər ixtisarlar gedirsə, parlamentdə də aparılmalıdır - Tural Abbaslı

  • "Yəni deputatlar vətəndaşların qayğısına qalmır, qəbul olunan qanunların böyük əksəriyyəti nəinki insanların xeyrinədir, tam əksinə, ziyanlı olur"

Dövlət büdcəsindən maliyyələşən sahələrdə struktur dəyişiklikləri və ixtisarlarla bağlı proseslər diqqət çəkir. Bu dəyişikliklərin əmək bazarına, işsizliyin səviyyəsinə və dövlət büdcəsinin sosial yükünə mümkün təsirləri də müzakirə mövzusuna çevrilib.

Eyni zamanda, belə proseslər fonunda dövlət strukturlarının səmərəliliyi, idarəetmə xərclərinin azaldılması və parlamentin fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Yaranan suallardan biri də budur ki, "Aparılan ixtisaslar fonunda parlamentdə deputatların sayının azaldıla bilərmi?".

Ağ partiyanın sədri Tural Abbaslı Sherg.az-a aparılan ixtisarlardan danışıb:

"Ölkədə demək olar ki, bütün sahələrdə- təhsil, mədəniyyət, səhiyyə, idarəetmə və digər strukturlarda ixtisarlar gedir. Əsasən dövlət büdcəsindən maliyyələşən strukturlarda “optimallaşdırma” adı altında böyük ixtisarlar aparılır. 

Onsuz da sayı çox olan işsizlərin sayı da artacaq. Bunu edirlər, çünki büdcənin üzərinə düşən yükü süni şəkildə azaltmaq istəyirlər. Amma bu, bir mənada büdcəni əhalinin kasıblaşması bahasına ayaqda saxlamaq cəhdidir. Bu da heç də effektiv üsul deyil. Konkret sualınıza gəldikdə isə, parlamentdə ixtisarlarla bağlı bu sualı bir az ritorik qəbul edirəm".

Partiya sədrinin sözlərinə görə cəmiyyətdə belə bir rəy formalaşıb ki, parlament onsuz da funksional deyil, öz işinin öhdəsindən gəlmir:

"Yəni deputatlar vətəndaşların qayğısına qalmır, qəbul olunan qanunların böyük əksəriyyəti nəinki insanların xeyrinədir, tam əksinə, ziyanlı olur.

Ona görə bunların 80 olması, 125 olması heç bir məna daşımır. Əgər ixtisarlar gedirsə, burada da ixtisarlar aparılmalıdır.

Yəni bu mənada ritorik bir sual kimi qəbul edirəm. Amma əslində isə deputatların sayı artırılmalıdır.

Belə bir fikir də var. Çünki bilirsiniz, parlamentdə deputatların sayı adətən bir çox hallarda əhalinin sayına düz mütənasib olur. Əhali sayı artdıqca parlamentarilərin sayı artır. Bu da dövlət idarəçiliyində lazım olan addımlardan biridir.

Çünki dəyişən yenilənən dünyada hər yeni günə yeni qanunlar, qərarlar lazımdır". 

Tural Abbaslı qeyd edib ki, parlament də bu işlə məşğul olmalıdır:

"Bizim ölkəmizdəki parlament bu işin öhdəsindən gəlib, gəlməməyi başqa məsələdir. Sualınızı ritorik yox, ciddi qəbul etsək, onu da deyə bilərəm ki, əgər ixtisarlar aparmaq istəyirlərsə, büdcəyə düşən yükü azaltmaq üçün hətta bir çox nazirliklərə belə əl gəzdirmək olar. Çünki demək olar ki, nazirliklər də öz işlərinin öhdəsindən gəlmirlər. Təəssüf ki, belə bir tragikomik vəziyyətə gəlmişik".