ABŞ Prezidenti Donald Trampın Çinə səfəri Vaşinqton və Pekin arasında mart ayında Parisdə keçirilən ticarət danışıqlarında əldə olunan razılaşmaların rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Sherg.az xəbər verir ki, bunu Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun əməkdaşı Andrey Fedotov bildirib.
Ekspertin sözlərinə görə, Çin xüsusilə ticarət-iqtisadi sahədə ABŞ ilə münasibətlərin sabitləşməsində maraqlıdır. O qeyd edib ki, tərəflər yaz aylarında gömrük rüsumlarını artırmamaq və yeni məhdudiyyətlər tətbiq etməmək barədə razılığa gəliblər. Danışıqlarda nadir torpaq metalları ixracı, ABŞ enerji resurslarının və “Boeing” təyyarələrinin alınması məsələləri də müzakirə olunub.
Fedotov vurğulayıb ki, sabit iqtisadi münasibətlər Çin üçün 2026–2030-cu illəri əhatə edən 15-ci beşillik inkişaf planının icrası baxımından vacibdir. Onun sözlərinə görə, Pekin 2035-ci ilə qədər adambaşına düşən ÜDM-i “orta inkişaf etmiş ölkələr” səviyyəsinə çatdırmağı, elmi-texniki potensialını gücləndirməyi və modernizasiya prosesini sürətləndirməyi hədəfləyir.
Ekspert əlavə edib ki, Çin ABŞ ilə ekologiya və süni intellekt texnologiyalarının tənzimlənməsi sahəsində dialoqu genişləndirməkdə də maraqlıdır.
Fedotov Tayvan məsələsinin də Pekin üçün əsas prioritetlərdən biri olduğunu bildirib. Onun sözlərinə görə, Çin Vaşinqtonun “vahid Çin” prinsipinə və 1972, 1978 və 1982-ci illərdə imzalanmış birgə kommünikelərə sadiq qalacağını təsdiqləməsini istəyir.
Qeyd edək ki, Donald Tramp mayın 13-də Çin Xalq Respublikasına rəsmi səfərə gəlib və Si Cinpin ilə görüş keçirib.