2026-cı il iyulun 2-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilən 2/3755 əsas nömrəli "Ali təhsil qanununda və bəzi qanunlarda dəyişiklik edilməsi haqqında" qanun təklifinin 1-ci maddəsi xarici vətəndaş olan həkimlərin dövriyyə sərmayəsindən əlavə ödənişlərin alınmasının qarşısını almağı nəzərdə tuturdu. Bu qanun layihəsi, xüsusilə onun 1-ci maddəsi qardaş ölkədə tibb təhsili alan, rezidentura (uzmanlıq) keçən azərbaycanlı tələbələri də təsir dairəsinə alırdı.
Təşəbbüs müəllifləri düzəlişin qəbul edilməsi üçün TBMM-ə müraciət etmişdilər.
İyulun son günlərində müzakirəyə çıxarılan bu təklif qəbul edilməyib. Səbəbi çox maraqlıdır.
Türkiyədə təhsil alan və həkim kimi fəaliyyət göstərən soydaşlarımızın verdiyi məlumata görə, bu zərərli təşəbbüsün qəbul olunmamasında Azərbaycanın tanınmış eksperti, Qardaşlığımız Əbədidir QHT Koalisiyasının sədri, Azərbaycan Hərbi Yönümlü Təşkilatlar İttifaqının rəhbəri Emin Həsənlinin müstəsna fəaliyyəti rol oynayıb.
Pamukkale Universitetində uzmanlıq keçən Nuranə Quluzadə deyir ki, iyulun 15-də o və Adnan Menderes Universitetində uzmanlıq keçən Güləndam İsgəndərova Emin Həsənliyə müraciət edərək, belə bir qanun layihəsinin TBMM-in Milli Təhsil Komissiyasından keçib müzakirəyə göndərildiyini, qəbul ediləcəyini bildiriblər.

“Qərarın qəbuluna az zaman qalmışdı. Bu təklif keçsəydi, Türkiyədə uzmanlıq keçən və assistent həkim kimi çalışan soydaşlarımızın aylıq əməkhaqqı minimum əməkhaqqından aşağı səviyyəyə düşəcəkdi. Emin Həsənliyə müraciət etməyimizin səbəbi o idi ki, bizə onun Türkiyənin yüksək siyasi və hərbi dairələrində nüfuz və hörmət sahibi olduğunu, yaxşı əlaqələrinin olduğunu demişdilər. Bu qısa zaman içərisində Emin bəy inanılmaz dərəcədə böyük işlər gördü.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəhbərliyi, Türk Dünyası üzrə sədr müavini Kürşad Zorlu, Türkiyə–Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Şamil Ayrımla danışdı.

TBMM-də bir çox millət vəkilləri, komissiya sədri ilə əlaqə saxladı. Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının Türk Dünyası üzrə sədr müavini, TBMM Milli Təhsil Komissiyasının sədr müavini, professor İlyas Topsakal ilə danışdı. Ona, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının baş katibinə və onun yardımçısı Tamer Osmanoğluya vəziyyətlə bağlı bilgi verdi. Bir çox millət vəkilləri ilə müzakirələr apardı. Qısa zamanda mənim koordinatorluğumda Türkiyədə, Ankarada təhsil alan həkimlərdən ibarət bir heyət yaratdıq. Emin bəyin əlaqə saxlayıb danışdığı şəxslərin qəbulunda olduq. Ankara Bilkənd Şəhər Xəstəxanasından Teymur İsmayılov və Elmar Rzayev, Ankara Universitetindən Atilla Quliyev və digər həkim həmkarlarımız Ədalət və İnkişaf Partiyasının mərkəzi qərargahında, TBMM-də və MHP-nin mərkəzi qərargahında görüşlər keçirdik. Hətta həftənin 6-cı günü – qeyri-iş günündə İlyas Topsakal Emin Həsənlinin xahişi ilə MHP-nin mərkəzi qərargahına gələrək, bizimlə görüşdü.

Qanunun qəbul edilməsinə 1 həftə vaxt qalmış həmin həftəni davamlı şəkildə çalışdıq. Hər gün Türkiyənin rəsmi şəxsləri ilə Emin bəyin danışıqları və bizim keçirdiyimiz görüşlər və müzakirələr öz nəticəsini verdi. Şükürlər olsun ki, sonda Türkiyə Böyük Millət Məclisi bu qərarı qəbul etmədi” – N.Quluzadə bildirib.
Maraqlıdır, belə bir təşəbbüsün ortaya çıxması nə ilə bağlı olub? Dövlət rəsmiləri və parlamentarilər məsələnin nə yerdə olduğunu bilməyiblərmi?
N,Quluzadə deyir ki, həmin şəxslər həkimlərin real vəziyyəti ilə bağlı məlumatlı olmadıqlarını bildiriblər: “Onlar elə düşünürlər ki, bu tələbələrin böyük bir qismi, demək olar ki, hamısı türksoylu bəlgəsi ilə verilən arayışdan istifadə edirlər, əlavə olaraq da burs alırlar - Azərbaycan və Türkiyə dövləti tərəfindən. Ancaq Emin bəylə danışdıqdan sonra onlara məlum oldu ki, uzmanlıq təhsili alanların böyük qismi bunlardan yararlanmır. Türksoylu bəlgəsi isə yeni, 3 il əvvəl qəbul olunub. Bu məsələdən tam məlumatlı olduqdan sonra millət vəkillərinin fikri qətiləşdi. Emin bəyin prinsipial müdaxiləsi, uzmanlıq keçən həkimlərimizin fədakarlığı və birgə fəaliyyəti öz müsbət nəticəsini verdi. Görüşdüyümüz şəxslərə sonradan məlum oldu ki, biz də Türkiyədə digər həkimlər kimi imtahanlar vermişik. Hətta biz Azərbaycanda bir dəfə universitet oxuyub, Türkiyədə imtahan verərək diplomlarımızı təsdiqlətmişik, daha sonra isə imtahan verərək uzmanlığa qəbul olunmuşuq”.
Qardaşlığımız Əbədidir QHT Koalisiyasının sədri Emin Həsənli isə bu nəticə münasibətilə qardaş ölkədə təhsil alan həkimlərimizi təbrik etdi. “Türkiyə Respublikasının Prezidenti, Ədalət və İnkişaf Partiyasının sədri, Azərbaycanın böyük dostu, hər zaman şəhid yaxınlarına, qazilərə dəstək göstərən, bizlərlə dəfələrlə görüşən hörmətli cənab Rəcəb Tayyip Ərdoğana minnətdarlığımı bildirirəm.
Onun partiyasının üzvlərinə, millət vəkillərinə, partiya rəhbərliyində təmsil olunan şəxslərə, eyni zamanda MHP sədri hörmətli Dövlət Baxçalıya minnətdarlığımı bildirirəm.

MHP sədri bu işdə bizə böyük diqqət və qayğı göstərdi. Onun müavini, baş katib və onun yardımçısı başda olmaqla, MHP çox ciddi dəstək oldu və biz bu böyük nəticəni əldə etdik” – Həsənli bildirib.


Həmsöhbətimiz deyir ki, dünəndən Türkiyədə təhsil alan həkimlər təşəkkür və minnətdarlıqlarını bildirirlər. Hesab edir ki, ən böyük təşəkkür Azərbaycan və Türkiyə qardaşlığına düşür. “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bizim təşkilat davamlı olaraq Türkiyəyə səfərlər edir və Türkiyədən də qazi və şəhid yaxınları, ehtiyatda olan zabit və gizirlərin təşkilatları Azərbaycana səfərlər edir.
Bu əlaqələrin yüksək səviyyədə qurulması Azərbaycan dövlətinin diqqət və qayğısı nəticəsində əldə edilmişdir. Ona görə də bu nəticənin əldə edilməsi birbaşa dövlətlərimizin diqqət və qayğısının nəticəsi sayılır” – deyə E.Həsənli əlavə edib.

Sonda Emin Həsənli Türkiyədə təhsil alan, uzmanlıq keçən gələcək həkimlərimizə müraciət edib. Onları “günümüzün qəhrəmanları” adlandırıb: “Həm Azərbaycanda ən yüksək rəqabət şəraitində 4-cü qrup üzrə yüksək bal toplayaraq Tibb Universitetinə qəbul olunmusunuz, həm Türkiyədə imtahan verib diplomunuzu təsdiqlətmisiniz, həm də uzmanlığa qəbul olunmusunuz. Sizin hər birinizə uğurlar və cansağlığı arzulayıram. Bu, bizim bir vətəndaş kimi borcumuz idi və bu mərhələni birlikdə yüksək səviyyədə yerinə yetirdik. Mən də xoşbəxtəm ki, bu prosesdə iştirak etdim, sizin Türkiyə dövləti ilə, onun parlamentindəki partiyalarla görüşlərinizi təşkil etdim. Nəticə müsbət olduğuna görə çox məmnunam. Hər birinizi təbrik edirəm, hər birinizə uğurlar arzulayıram”.
Yunis İsrəfilov