Ərdoğandan COP31 açıqlamaları: “Problemin deyil, həllin bir parçası olmaq istəyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada keçirilən “COP31 Liderlər Zirvəsi”nin açılış proqramında çıxış edib.

Sherg.az xəbər verir ki, dövlət başçısı həddindən artıq istehlak hərisliyinin təsiri ilə bəşəriyyətin mövcudluq böhranı yaşadığını bildirib.

Ərdoğanın çıxışından əsas məqamları təqdim edirik:

“Burada qəbul ediləcək qərarların xeyirli olmasını arzulayıram. Zirvəyə töhfə verən hər kəsə təşəkkür edirəm. Konfransın ən səmərəli şəkildə keçirilməsi üçün böyük əmək sərf etdik. COP31-in ətraf mühitə təsirini minimuma endirdik. Hərtərəfli və dolğun keçəcəyinə ümid etdiyimiz COP31-ə töhfə verən hər kəsi təbrik edirəm.

“BƏŞƏRİYYƏT MÖVCUDLUQ BÖHRANI YAŞAYIR”

Konfransın iqlim böhranı ilə mübarizədə yeni dönüş nöqtəsi olmasını arzulayıram. Ətraf mühitə həssaslıq bütün qədim sivilizasiyaların və dinlərin ortaq dəyərlərindən biridir. Bəşəriyyət olaraq evimizin yalnız bir damı var, o da səmadır. Evimizin yalnız bir bağı var, o da Yer kürəsidir. Bizim başqa meşələrimiz, okeanlarımız və dənizlərimiz yoxdur. Lakin bu gün həddindən artıq istehlak hərisliyinin təsiri ilə bəşəriyyət mövcudluq böhranı yaşayır.

Qlobal istiləşmə, biomüxtəlifliyin məhv olması, təbii ehtiyatların ölçüsüz istehlakı, ərzaq təhlükəsizliyinin təhdid altına düşməsi və dağıdıcı iqlim hadisələri kimi ciddi problemlərlə üz-üzəyik.

Asiyadan Sakit okeanın kiçik ada dövlətlərinədək heç bir ölkə bu problemlərdən kənarda deyil. 31 il əvvəl Berlində keçirilən ilk COP toplantısından bəri xeyli irəliləyiş əldə etmişik. Lakin ideya müstəvisindəki bu uğur praktiki tətbiq zamanı eyni nəticəni vermədi. Paris Sazişində qarşıya qoyulan hədəflərə çatmadıqca təhlükə artır. Ya çətinliklərə baxıb şikayət edəcəyik, ya da ümidə sarılaraq hərəkətə keçəcəyik.

Türkiyə minillik tarixi ilə sivilizasiyaların beşiyi olan ölkədir. Bizim sivilizasiyamızın mərkəzində təbiətə hörmət dayanır. Biz qarışqanı incitməyi belə qul haqqına girmək hesab edən bir millətik. Atalarımız “Yaş kəsən baş kəsər” deyərək sağlam ağacın səbəbsiz yerə kəsilməsinin insan öldürməklə eyni olduğunu ifadə ediblər. Türkiyə olaraq məsələyə məhz bu prizmadan yanaşırıq.

“PROBLEMİN DEYİL, HƏLLİN BİR PARÇASI OLMAQ İSTƏYİRİK”

İqlim dəyişikliyi ilə mübarizədə problemin deyil, həllin bir parçası olmağa çalışırıq. İnkişaf hədəflərimizi və enerji təhlükəsizliyimizi planlaşdırarkən ətraf mühit amillərini ən incə detallarına qədər nəzərə alırıq. “2053-cü ilədək xalis sıfır emissiya” hədəfimizə uyğun olaraq Yaşıl İnkişaf yolunda qətiyyətlə irəliləyirik. Başlatdığımız suya qənaət kampaniyası ilə suyun hər damlasını qoruyuruq.

Tullantıların Sıfırlanması Hərəkatının başladığı 2017-ci ildə təxminən 13 faiz olan milli təkrar emal göstəricimiz 2025-ci ilin sonuna doğru 40 faizə yaxınlaşıb. Tullantısız gələcək hədəfinə çatana qədər çalışmağa davam edəcəyik.

Yadda saxlamalıyıq ki, iqlim dəyişikliyinə ən az təsir göstərən ölkələr çox vaxt bunun ən ağır bədəlini ödəyirlər.

İqlim dəyişikliyi ilə mübarizəmiz təəssüf ki, beynəlxalq sistemin daha çətin problemlərlə üzləşdiyi bir dövrə təsadüf edir. Müharibələr, miqrasiya və silahlı münaqişələr səbəbindən beynəlxalq həmrəyliyə daha çox ehtiyac duyduğumuz bir zamandayıq.

“QƏZZADA EKOLOJİ QIRĞIN TÖRƏDİLİB”

BMT Baş Assambleyasındakı çıxışımda da vurğuladığım kimi, Qəzzada təkcə soyqırımı deyil, eyni zamanda ekoloji qırğın da törədilib. Əsrlik zeytun ağacları kəsilib, torpaq və su çirkləndirilib, şəhərlər nəhəng dağıntı yığınlarına çevrilib.

Son bir neçə gündə Qəzzadan yenidən ürəkdağlayan xəbərlər gəlir. Məhv edilmiş infrastruktur güclü yağışlar və daşqın fəlakəti ilə birləşdikdə on minlərlə çadır və sığınacaq su altında qalıb. Başlarını soxmağa damı olmayan yüz minlərlə qəzzalı qardaşımız, xüsusilə də soyuqdan titrəyən günahsız uşaqlar bu qış şəraitində, çox vaxt valideynlərindən ayrı, suların içində sağ qalmaq uğrunda mübarizə aparırlar.

Bəşəriyyət adına utancverici olan belə bir mənzərənin şahidi olan heç kim məsuliyyətdən yayına bilməz. Qəzzalı uşaqların faciəsi üzərindən güc nümayiş etdirmək zəiflik, acizlik və vicdansızlıqdır.

Bölgəyə humanitar yardımların çatdırılmasına icazə verilməli, bu zülmə son qoyulmalıdır. Gəlin, Antalyadan bütün dünyaya güclü mesaj verək”.