Pakistanın keçmiş baş naziri, müxalifətdəki “Ədalət uğrunda Hərəkat” (PTI) partiyasının lideri İmran Xan tibbi müalicə aldıqdan sonra yenidən həbsxanaya qaytarılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadla məlumat yayıb.
Sabiq hökumət başçısına göstərilən tibbi yardımın təfərrüatları açıqlanmır.
Ali Məhkəmə bundan əvvəl korrupsiya ittihamı ilə həbsdə olan İmran Xanın səhhəti ilə əlaqədar həbsxanadan xəstəxanaya köçürülməsi barədə qərar qəbul etmişdi. Məhkəmə həmçinin hakimiyyət orqanlarını keçmiş baş nazirin tibbi sənədlərinin tam surətini təqdim etməyə məcbur etmiş, PTI-dən isə bu məsələni siyasiləşdirməməyi xahiş etmişdi.
Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. O, 2022-ci il aprelin 10-da parlamentdə ona qarşı etimadsızlıq votumunun qəbul edilməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb.
2023-cü ildən korrupsiya ittihamı üzrə 14 illik həbs cəzası çəkir. Eyni ittihamla onun həyat yoldaşı Buşra Bibiyə də 7 il həbs cəzası verilib.