Ermənistan dəmir yollarını Rusiyadan alıb Qazaxıstana vermək istəyir

“Ermənistanın dəmir yolu şəbəkəsinin ciddi şəkildə modernləşdirilməsinə ehtiyac var. Bu məsələni müzakirə etmişik, görünür, Rusiya tərəfi zəruri investisiyaları həyata keçirmək niyyətində deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Rusiyaya konsessiya idarəetmə hüququnu satmağı təklif edirik ki, onlar da zərər görməsinlər. Moskva bu hüququ Ermənistan və Rusiya üçün məqbul olacaq istənilən ölkəyə sata bilər. Məsələn, bu ölkənin Qazaxıstan və ya başqa bir dövlətin olması mümkündür. Bu, ən yaxşı həll yolu və dostluq addımıdır”, - nazir vurğulayıb.

Ararat Mirzoyan əlavə edib ki, Rusiyanın ilk reaksiyasının soyuq olması təbiidir.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan bundan əvvəl bir neçə dəfə Ermənistan dəmir yollarının idarəçiliyinin Rusiyadan alınması ilə bağlı açıqlama verib. Baş nazir bəyan edib ki, Rusiya ilə bu məsələ dostluq şəraitində həll edilməsə, arbitraj məhkəməsinə müraciət edəcəklər. Həmçinin o, Rusiya və Ermənistanla dost münasibətləri olan bir ölkənin dəmir yollarının güzəştli idarəetmə hüquqlarını ala biləcəyini açıqlayıb. Ermənistan hökumətinin başçısı Azərbaycan və Türkiyə ilə dəmir yollarının bərpası üçün bunun önəmli olduğunu bildirib.

Ermənistan Robert Köçəryanın prezidentliyi dönəmində borc müqabilində dəmir yollarının idarəçilik hüququnu Rusiyaya verib.