Türkiyənin xarici işlər naziri Hakan Fidan Avstriyaya səfəri çərçivəsində avstriyalı həmkarı Beate Meinl-Reisinger ilə görüşüb.
Sherg.az xəbər verir ki, birgə mətbuat konfransında çıxış edən Fidan bildirib ki, hazırda əsas məsələ atəşkəsin uzadılması və müharibənin yenidən başlamamasıdır. Onun sözlərinə görə, tərəflər arasında danışıqlar davam edir və yaxın günlər həlledici olacaq.
Nazir həmçinin Hörmüz boğazı ilə bağlı qeyd edib ki, onun açılması istiqamətində addımların atılması olduqca vacibdir və Türkiyə bu prosesdə dəstəyini davam etdirəcək.
Fidan çıxışında Avropa İttifaqı ilə münasibətlərə də toxunaraq bildirib ki, qurum daxilində Türkiyənin üzvlüyü ilə bağlı siyasi iradə yoxdur:
“Şərtlər yerinə yetirilərsə, Türkiyənin üzvlüyünü qəbul edəcəyik deyən real siyasi iradə Avropa İttifaqında mövcud deyil”.
Nazir qeyd edib ki, buna baxmayaraq, Türkiyə Avropa ölkələri ilə ikitərəfli münasibətləri inkişaf etdirməyə davam edir və bu əlaqələr bir çox sahələrdə yüksək səviyyədədir.