“ABŞ və İsrailin İrana hücumlarını dayandırmaq və danışıqlara başlamaq üçün minimum şərtlərin yerinə yetirilməsi müəyyən vaxt və bəzi hərbi əməliyyatların aparılmasını tələb edə bilər”.
Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Tərəfdaşlarımızla müharibə tərəflərini danışıqlar masasına qaytarmaq, təcavüzkarın hücumlarını nə vaxt dayandıracağı və ya dayandırmağa hazır olacağı barədə danışıqlar aparırıq. Bu kontekstdə minimal şərt ortaya çıxır - bu, İranın hərbi baxımdan qarşı tərəfi qane edən vəziyyətə gəlməsidir. Minimal şərt müharibəni dayandırmaq, maksimum isə rejimin dəyişməsidir. Başqa sözlə, müharibə ən erkən mərhələdə əsas hərbi imkanların məhv edilməsi və ya neytrallaşdırılması ilə, ən gec mərhələdə isə İranda rejim dəyişikliyi ilə sona çata bilər. Amma bu minimal şərtin yerinə yetirilməsi müəyyən vaxt və bir sıra hərbi əməliyyatlar tələb edəcək”, - o bildirib.
Hakan Fidan vurğulayıb ki, İranın coğrafiyası genişdir, burada fərqli bölgələrdə raket, radar sistemləri, hava hücumundan müdafiə və radioelektron mübarizə sistemləri və hərbi-dəniz qüvvələri yerləşir.